Futbol üzrə ll Liqa təmsilçisi “Füzuli”nin meneceri Rəşad Babayevin İdman.bizə müsahibəsi
- Azərbaycan çempionatının VII turunda “Göygöl”lə matça cəmi 10 futbolçu ilə çıxdız. Bunun səbəbi nə idi?
- Ciddi səbəbləri var. Bəzi oyunçularımız futboldan kənarda başqa sahələrdə işləyirlər, həftəiçi olduğuna görə onlar icazə ala bilmədilər. Əsas heyətdən bir neçə futbolçumuz xəstədir, hərarəti olduğu üçün onları oyuna buraxa bilməzdik. Əvvəlki matçlarda qırmızı, sarı vərəqə alıb cəzalı duruma düşənlərimiz də vardı. Bunlara görə də meydana tam heyətlə çıxa bilmədik. Əlbəttə, bu bizim problemimizdir və həqiqətən vəziyyətin bu həddə qədər pisləşməsi bir futbol adamı olaraq, həm də Füzulidən olan bir şəxs kimi məni çox sarsıdıb. "Füzuli" bu vəziyyətə düşəcək klub deyildi. Fürsətdən yararlanıb bütün füzulililərə çağırış edirəm: "Gəlin, "Füzuli" FK-nı xilas edək!".
- Klubun hazırda başqa nə problemləri var?
- Ötən mövsümün sonlarından ciddi maliyyə sıxıntıları yaşayırıq. Elə bu səbəbdəndir ki, ötən il çempionluğa oynayan komandamızın bütün futbolçuları mövsüm bitən kimi başqa klublara keçdilər. Onları saxlaya bilmədik. Uşaqlara və başqa yerlərə hələ də xeyli borcumuz qalıb. Komandamızı istədiyimiz kimi formalaşdırmağa sponsor tapa bilmirik.
- Bəs problemlərin aradan qaldırıması istiqamətində hər hansısa addımlar atılır?
- Sponsor və tərəfdaşlıqla bağlı xeyli müraciətlər etmişik, söz verənlər var, amma real iş görən yoxdur. Təəssüf hissi ilə qeyd edirəm ki, 135 minlik Füzuli rayonunda milli çempionatda bölgəmizi peşəkar səviyyədə təmsil edən yeganə kluba ürək yandıran yoxdur. Halbuki kimi dindirsən, futbolumuzun inkişaf etməməsindən şikayətlənir. Əlini ağdan qaraya vurmaq istəməyən adamların işi ancaq gileylənmək, şikayət, tənqid, lağlağı etməkdir. Dəstək vermək məsələsi gələndə hamı qaçır.
- Növbəti oyun necə olacaq. Yenə eyni problem yaşana bilərmi?
- Zədəli və xəstələnmiş futbolçularımızın sıraya dönəcəyinə ümid edirik. Bir də cəzalılarımız komandaya qoşulacaqlar. İşlədikləri yerlərdən icazə almaqda çətinlik çəkən futbolçularımızla da söbbət edib, vəziyyəti normallaşdıracağıq. Növbəti tur "Füzuli" tam heyətlə meydanda olacaq.
- Sizcə, belə gedişlə mövsümü başa vura biləcəksiz?
- Klubun turnirdə çıxışını dayandırmaq fikri yoxdur və belə informasiyaların tirajlanması doğru deyil. Bəli, maliyyə problemlərimiz var, doğrudur, amma ilk dövrənin sonuna kimi turnirdə iştirakımızı davam etdirmək üçün lazımi vəsaitimiz var. Yeni ildən isə komandaya güclü bir sponsorun və ya tərəfdaşın tapılmasına nail olacağımıza inanırıq.
Banuçiçək Hüseynli
İdman.biz