“Qızıl dövrü” keçmişdə qalan AYAKS - RƏQİBƏ BAXIŞ

Xəbərlər
23 Oktyabr 2024 11:31
45
“Qızıl dövrü” keçmişdə qalan AYAKS - RƏQİBƏ BAXIŞ

“Qarabağ”ın Avropa Liqasında növbəti rəqibi ölkəsinin ən titullu klubu – 36-qat Niderland çempionu, ölkə kubokunun 20, superkubokunun 9-qat qalibi, Çempionlar Kubokunun (3 dəfə), Çempionlar Liqasının (1), UEFA Kubokunun (1), UEFA Superkubokunun (3), Kuboklar Kubokunun (1), İntertoto Kubokunun (1) və Qitələrarası Kubokun (2) qalibi “Ayaks” olacaq.

İdman.biz komandamızın titullarla zəngin rəqibinin statistik göstəricilərini nəzərdən keçirib.

Bütün bu göstəricilərə baxmayaraq, komandanın “Qızıl dövrü” uzaqda qalıb. Sadalanan beynəlxalq zəfərlərdən ən sonuncuları 1995-ci ildə qazanılan Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası Kubokdur. Ondan sonra komanda bir dəfə - 2017-ci ildə Avropa Liqasının finalında oynayıb.

Ölkə çempionatında isə sonuncu çempionluğu 2021/2022 mövsümündə qazanıb. Növbəti mövsümdə bürüncə sahib olan “Ayaks”, ötən mövsümü 5-ci pillədə başa vurub, cari mövsümdə də hazırda 7 oyuna 16 xalla eyni mövqedədir.

Qitə yarışlarında indiyə qədər keçirdiyi 470 oyunda 230 qələbə qazanıb, 101 oyunu heç-heçə başa vurub, 139 dəfə məğlub olan Amsterdam təmsilçisinin top fərqi 813-511-dir. Avropa Liqasında komanda “Qarabağ”a qarşı 76-cı matçına çıxacaq. Öncəki 75 görüşdə klubun 35 qələbəsi, 16 heç-heçəsi, 24 məğlubiyyəti var və top fərqi də 110-83-dür.

Avropa Liqasında ötən mövsümü “Brayton”, “Marsel” və AEK-lə kvartetdə 5 xalla 3-cü başa vuran “Ayaks” cari mövsümdə eyni turnirə 2-ci təsnifat mərhələsində Serbiya “Voyvodina”sı üzərində qələbələrlə (1:0, 3:1) başlayıb, ardından Yunanıstan “Panatinaikos”unu qarşılıqlı 1 qollu qələbələrdən sonra uzun sürən penaltilər seriyasında (13:12) yola salıb, pley-offda isə Polşa “Yaqelloniya”sının öhdəsindən asanlıqla gəlib (4:1, 3:0). Liqa mərhələsinə “Beşiktaş” üzərində 4:0-lıq inamlı ev qələbəsilə başlayan Niderland klubu 2-ci turda səfərdə Praqa “Slaviya”sı ilə oyunda 1:1-lik bərabərə qalıb.

Bu 8 matçda komandanın 17 qolunu 10 fərqli futbolçu vurub. Çuba Akpom və Mika Qodts hərəyə 3 dəfə, Kian Frits-Cim, Kennet Teylor və Branko van den Bomen 2 dəfə fərqləniblər. Ölkə çempionatında isə bu mövsüm ən çox qol vuran (3) Vaut Veqhorst və Devi Klassendir.

Qeyd edək ki, qarşılaşma oktyabrın 24-də Bakıda olacaq.

Vüqar Məmmədov
İdman.biz