Çempionlar Liqasında günün FAKTLARI

Xəbərlər
23 Oktyabr 2024 13:28
49
Çempionlar Liqasında günün FAKTLARI

Çempionlar Liqasının Liqa mərhələsinin III turunun ilk oyun günündə 9 matç keçirilib.

İdman.biz xəbər verir ki, qarşılaşmalar bir sıra maraqlı statistik məqamlarla zəngin olub.

İFFHS turun ilk gününün hesabatını hazırlayıb. Burada ən yaddaqalan faktlar yer alıb.

Dortmund “Borussiya”sı üzərində 5:2 hesablı qələbə qazanan “Real” Çempionlar Liqası tarixində ikinci dəfə 2 qol buraxdığı ev oyununda qalib gəlib. 2004-cü ildə “Roma” üzərində qalibiyyət əldə olunub – 4:2.

Çempionlar Liqası tarixində ikinci dəfə 2 top fərqi ilə geridə olan komanda yekunda üç qol üstünlüyü ilə qalib gəlib. Hər iki uğura eyni klub imza atıb. 2023-cü ildə səfərdə “Liverpul”u 5:2 hesabı ilə yenən “Real” bu dəfə “Borussiya”dan güclü olub.

Liqa mərhələsində liderlərin tilsimi davam edib. İlk turdan sonra lider “Bavariya” uduzmuşdusa, bu dəfə də 1-ci pillədəki “Borussiya” məğlub olub.

“Borussiya” “Santyaqo Bernabeu”da heç vaxt qələbə qazanmayıb. 2 heç-heçə və 6 məğlubiyyətdən ibarət 8 matçlıq seriya eyni komandanın bir stadiondakı qarşılaşmaları üçün antirekorddur. Heç bir klub eyni arena 8 qələbəsiz oyun keçirməyib.

Vinisius Junior “Real” karyerasında 3-cü, 2024-cü ildə 2-ci, Çempionlar Liqasında ilk het-trikinə imza atıb.

Çempionlar Liqasında 21-ci dəfə braziliyalı futbolçu bir matçda 3 və ya daha çox qol vurub. Bu, bütün ölkələr üçün mütləq rekorddur.

“Brügge” ilə qarşılaşan “Milan” Çempionlar Liqası tarixində ilk dəfə azlıqda qalan qonaq komandadan qol buraxıb. Amma italiyalılar 3:1 hesablı qələbə əldə ediblər. 2012-ci ildə “Anderlext” öz meydanında “Milan”ın say üstünlüyü zamanı qol vurub.

16 yaş 226 günlüyündə meydana çıxan Françesko Kamarda “Milan”ın Çempionlar Liqasındakı ən gənc debütantı olub. O, həm də turnirdəki ən gənc italiyalı kimi Moyze Kinin (16 yaş 228 gün) rekordunu qırıb.

Kristian Pulişiç 2012-ci ilin fevralından sonra “Milan”ın Çempionlar Liqasındakı ev oyununda cərimə meydanı xaricindən qol vuran ilk oyunçusudur. Sonuncu dəfə buna 12 il əvvəl Robinyo imza atıb.

Pulişiç Çempionlar Liqasında XX1 əsrdə künc zərbəsindən qol vuran 3-cü oyunçudur. Onadək Klaudio Lopes “Latsio”nun, Anxel di Mariya “Benfika”nın heyətində fərqlənib.

“Monako”nun “Srvena Zvezda”nı udması (5:1) ilə Liqa mərhələsində dörd və daha çox top fərqinə 10-cu dəfə təsadüf olunub. Ötən mövsüm ümumilikdə 4 belə nəticə yaşanıb.

“Monako” 2004-cü ilin dekabrında “Deportivo”ya qarşı keçirdiyi görüşdən sonra (5:0) ilk dəfə avrokubokda 5 qol vurub.

2011-ci ildə Zaqreb “Dinamo”suna 7 qol vuran “Lion”dan sonra Fransa klublarından yalnız PSJ beş və ya daha çox top vurmuşdu ki, “Monako” da paytaxt təmsilçisinə qoşulub.

Takumi Minamino Çempionlar Liqasında dubl edən ikinci yaponiyalıdır. 2016-cı ildə Sindzi Kaqava Dortmund “Borussiya”sında buna nail olub.

Bril Embolo Çempionlar Liqasında vurduğu ilk 4 qola fərqli klublarda imza atıb. O, “Bazel”, “Şalke”, “Borussiya” M və “Monako”nun hərəsində bir dəfə fərqlənib. Bu, turnir üçün görünməmiş hadisədir.

“Jirona” “Slovan”a qalib gəlməklə avrokuboklarda ilk qələbəsini qazanıb – 2:0.

“Jirona”nın keçirdiyi üç matçda üç vurulmayan penalti qeydə alınıb.

PSV ilə 1:1 hesablı heç-heçə edən PSJ qapıya endirdiyi Çempionlar Liqasındakı son 107 zərbədən yalnız birində qola sevinib.

Əşrəf Hakimi PSJ ilə Çempionlar Liqasındakı qolsuz 94 zərbədən ibarət seriyasını qırıb.

Hakimi qol vuranda PSJ heç vaxt uduzmayıb – 12 qələbə, 3 heç-heçə.

“Şaxtyor”a 1:0 hesabı ilə qalib gələn “Arsenal” 2007-ci ildən sonra ilk dəfə ardıcıl üç Çempionlar Liqası matçında qol buraxmayıb.

“Arsenal” Çempionlar Liqasındakı son 6 görüşdə 1 top buraxıb.

“Bolonya”ya 2 cavabsız qol vuran “Aston Villa” turnirin tarixində 3-cü komandadır ki, ilk üç oyununda quru hesablı qələbə qazanıb. 2012-ci ildə “Malaqa”, dörd il sonra “Lester” buna nail olub.

“Ştutqart”a 0:1 hesabı ilə uduzan “Yuventus”un qapıçısı Mattia Perin klub tarixinə 2003-ci ildən sonra turnirdə penalti qaytaran 3-cü qapıçı kimi düşüb. Voytseh Şensnı 2018, Canluici Buffon 2016-cı ildə bunu bacarıb.

“Sportinq”in “Şturm” üzərindəki 2:0 hesablı qələbəsində pay sahibi olan Viktor Qyokereş 2024-cü ildə 43-cü qolu vurub. O, bu göstəricidə dünya rekordçusudur.

İdman.biz