Qurban Qurbanov: "Ayaks"a qarşı oynamaqdan çəkinməli deyilik" - MÜSAHİBƏ

Xəbərlər
23 Oktyabr 2024 13:55
104
Qurban Qurbanov: "Ayaks"a qarşı oynamaqdan çəkinməli deyilik" - MÜSAHİBƏ

"Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Ayaks”la (Niderland) keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, komanda matça yaxşı hazırlaşıb: "Çox vacib oyundur. "Ayaks" kimi klubun Azərbaycana gəlməsi nəticədən asılı olmayaraq bizim üçün böyük avantajdır. Oyuna pis hazırlaşmamışıq. Futbolçuların ümumi hazırlıq səviyyəsi pis deyil, çox istəklidirlər”.

- Zədəlilərlə bağlı durum nə yerdədir?

- Marko Veşoviç və Mateus Silva bu oyun olmayacaqlar, müalicə alırlar.

- İndiyə qədər Azərbaycana "Ayaks" kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiz?

- Bu cür klubların Bakıya gəlməsi azarkeşlərimizin onları canlı görməsi, futbolumuza sevginin artması, inkişafı üçün böyük təkandır. "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, son vaxtlar ümumiyyətlə təzyiq deməzdim, çəkinəcək bir şey qalmayıb. Təcrübəmiz xeyli çoxdur. Böyük klublarla səfərdə, Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz sadəcə komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür. Biz əgər gələcəyə nikbin baxıb, böyümək istəyiriksə, bu cür klublarla qarşı oynamaqda çəkinməli deyilik. Azərbaycan futbolunun və Avropanın öndə gedən ölkələrinin futbolunun gücünü dəyərləndirsək, çəkinəcək bir şeyimiz yoxdur. Onlara qarşı necə düzgün oynaya bilərik? Ən vacibi çəkinmədən. Bunlar olduqda, inanıram ki, qarşıda daha da yaxşı kollektiv görə bilərik. Tez inkişaf edə bilərik. Çəkinəcək bir şey yoxdur. "Ayaks" yaxşı komandadır, dinamik və ağıllı futbol oynayırlar. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah biz çalışacağıq ki, oyunumuzla azarkeşlərimizi razı salaq.

- Kaşukun hazırlıq durumu "Ayaks"a qarşı daha çox meydanda olmağa imkan verirmi?

- Onun hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz qalmaq heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini deyə bilmərəm. Sürət, dinamika tam başqa ola bilər. Amma lazım olduğu halda, ondan istifadə edəcəyik. Kaşukun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.

- Pley-off mərhələsinə yüksəlməmək kimi narahatçılığınız var?

- Fərqli formatdır. İlk iki oyuna əsasən fikir bildirmək olmaz. Elə formatdır ki, bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazana bilərsən. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatlığım var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda 6 oyunumuz var. Ən azından uduş nədir? Keçən il pley-off mərhələsinə keçsək, 8 oyun əldə edirdik. Bu mövsüm 8 oyun minimum oyunumuzdur. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımız sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-offa çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17 ildir ki, buradayam, hər oyunda narahatlığım olur.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.

Aytac Sahəd
İdman.biz