Qurban Qurbanov: “Gecə klublarında olacaq qədər ətrafım yoxdur”

Xəbərlər
23 Oktyabr 2024 14:17
221
Qurban Qurbanov: “Gecə klublarında olacaq qədər ətrafım yoxdur”

"Mənim gecə klublarında olacaq qədər ətrafım yoxdur”.

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Ayaks”la (Niderland) keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, komandasında istənilən futbolçuya qarşı tələbkardır: “Ümumən klubda ən məsuliyyətli şəxs mənəm. Tələbkar olmağıma gəldikdə, bu belə də olmalıdır. Biz onu elə bir formada edirik ki, futbolçu inciməsin. Düzünü desəm, mənim gecə klublarında olacaq qədər ətrafım yoxdur. İnanın ki, biz bəzən futbolçuların şikayətini eşidirik. Deyirlər ki, tələblər çoxdur. Ancaq müəyyən vaxt keçəndən sonra başa düşürlər ki, bizim istədiklərimiz onların yaxşılığı üçündür. Bu gün istənilən futbolçunu yoldan çıxarmaq asandır. Xüsusilə də, uğurlu futbolçuları. Bu tələblər olmasa, uğurlu nəticə əldə etmək olmaz".

Qeyd edək ki, “Ayaks” və “Qarabağ”ın sabiq futbolçusu Raydel Pupon Niderland mətbuatına geniş müsahibəsində Qurban Qurbanovun tələbkarlığı barədə ətraflı danışıb. 37 yaşlı futbol veteranı mütəxəssisin oyunçularını daim nəzarətdə saxladığını, hətta onun gecə klublarında futbolçuları izləyən adamları olması haqda eşitdiyini də iddia edib.

Aytac Sahəd
İdman.biz