Tarixlərin yazıldığı “Zanbaqlar ölkəsi” klubuna qarşı

Xəbərlər
23 Oktyabr 2024 17:22
112
Tarixlərin yazıldığı “Zanbaqlar ölkəsi” klubuna qarşı

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu sabah keçirəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”la qarşılaşacaq.

Bu, Azərbaycan və Niderland klublarının qitə miqyaslı turnirlərdə 5-ci matçı olacaq. İndiyədək iki ölkə təmsilçilərinin yolları iki dəfə iki oyunluq dueldə kəsişib.

Hər iki halda eyni komandalar rəqib olublar. “Qarabağ” iki dəfə Niderland klublarına rəqib olub. Əks tərəfdə isə hər iki mövsümdə “Tvente” dayanıb. Həmin matçların hamısı indiki kimi Avropa Liqası çərçivəsində baş tutub.

Azərbaycan klubunun Niderland təmsilçisi ilə duelləri pley-offa təsadüf edib. Hər iki halda həmin oyun tarixi əhəmiyyət kəsb edib.

“Qarabağ” klub tarixində ilk dəfə 2009-cu ildə pley-off oynayıb. İlk belə qarşılaşma Niderlandda təşkil olunub. “Zanbaqlar ölkəsi”ndəki matçda “Tvente” 3:1 hesablı qələbəyə sevinib. Qurbanovun komandası evdə revanş ala bilməyib. Qolsuz heç-heçədən sonra təmsilçimiz qrup mərhələsinin bir addımlığında dayanıb.

Beş il sonra “Qarabağ”la “Tvente” yenidən Avropa Liqasının pley-offunda görüşüb. Bu dəfə Qurbanovun komandası Azərbaycan çempionu statusunda mübarizə aparıb. İlk oyun bu dəfə Bakıda baş tutsa da, hesab 5 il əvvəlki kimi olub.

Niderlandda yenə hər iki komanda qol sevinci yaşayıb. Lakin bu dəfə heç-heçə qeydə alınıb. Həmin vaxt səfər qolu prinsipi işlədiyi üçün “Qarabağ” turu adlayıb və tarixində ilk dəfə qrup mərhələsinə yüksəlib.

İlk pley-off və bu raundun ilk dəfə adlanmasını Niderland klubu ilə duellərdə yaşayan “Qarabağ” 4 matçda qələbə qazanmayıb. Üç heç-heçə edən təmsilçimiz yalnız bir dəfə uduzub. 2 qol vuran ağdamlılar 4 top buraxıblar.

2009/10 mövsümü, Avropa Liqası
Pley-off mərhələsi

“Tvente” – “Qarabağ” – 3:1, 0:0
2014/15 mövsümü, Avropa Liqası
Pley-off mərhələsi

“Qarabağ” – “Tvente” – 0:0, 1:1

Qeyd edək ki, “Qarabağ”ın Niderland təmsilçiləri ilə 5-ci, “Ayaks”la ilk dueli sabah saat 20:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz