“Qarabağ” – “Ayaks”: rəqəmlər nə deyir?

Xəbərlər
24 Oktyabr 2024 11:48
59
“Qarabağ” – “Ayaks”: rəqəmlər nə deyir?

Bu gün Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” Niderlandın “Ayaks” komandasını qəbul edəcək.

İdman.biz oyun ərəfəsində komandaların cari mərhələnin ilk iki turu əsasında statistik göstəricilərini nəzərdən keçirib.

Hər iki komandanın top qrafasında 1 və 5 rəqəmləri yer alıb. Lakin amsterdamlılardan fərqli, “Qarabağ”da 1 rəqəmi vurulan, 5 rəqəmi isə buraxılan qolları göstərir.

“Ayaks”ın 5 qolundan 4-ü sağ, 1-i sol ayaqla vurulub. Ağdamlılarda isə yeganə qol sağ ayaqla qapıdan keçiriblər.

Niderland klubu 4 xalla 6-cı, “Qarabağ” isə xalsız 34-cü pillədə olsa da, ilk iki matçda komandamız budəfəki rəqibindən fərqli, meydanda topa daha çox sahib olub. Azərbaycan təmsilçisində bu göstərici 51,5%-dirsə, qonaqlarımızda 49,5%-ə bərabərdir.

Qapıya zərbələrin sayında da “Köhlən atlar” üstünlüyə malikdirlər. Komandamızın 26 zərbəsindən 6-sı qapı çərçivəsinə yönəlib, 14-ü hədəfdən yayınıb, 6-sı bloka alınıb. Rəqib zərbə sayında geri qalsa da, dəqiqlikdə üstündür. 23 zərbənin 11-i qapı istiqamətində olub, 9-u yan keçib, 3 zərbə bloka alınıb. Cərimə meydançası daxilindən “Qarabağ” 18 zərbəsindən 1-ni, “Ayaks” isə 17-dən 4-nü qola çevirib. Uzaq məsafədən futbolçularımız 8, amsterdamlılar 6 zərbə endirib ki, ikincilərin 1 zərbəsi bəhrəsini verib.

Hər iki komandanın 1 penalti şansı olubsa da, “Qarabağ” öz fürsətindən istifadə edə bilməyib.

Ağdam klubu hücum sayında geri qalır. Komandamız iki oyunda 61 hücum təşkil edibsə, “Ayaks”da həmlələrin sayı 72 olub.

Künc zərbələrinin sayında “Qarabağ”ın 2 dəfədən çox üstünlüyü var – 16-7. Cərimə zərbələrinin sayında üstünlük “Ayaks”ın tərəfindədir – 33-23. Ofsayda isə cəmi 1 dəfə düşən rəqibindən fərqli olaraq, komandamız 8 dəfə düşüb.

Hər iki komandanın 16 driblinqi olub.

Ötürmələrdə Azərbaycan klubu həm say, həm də dəqiqlik baxımdan üstündür. 971 ötürmənin 836-sı (86,5%) ünvana çatıb. Rəqibdə 768 ötürmənin 637-si (82%) dəqiq olub. Uzun ötürmələr komandamızda 60%, niderlandlılarda isə cəmi 36,4% hədəfə yetişib.

Təkbətək mübarizələrdə üstün olan “Qarabağ” (54,5% - 50,3%), hava mübarizəsində rəqibindən geri qalır (30,6% - 39,3%).

Qapıçı seyvləri komandamızda 5, “Ayaks”da 7-dir.

Futbolçularımız 2 oyunda 20 fol edib, rəqibimiz 28. “Köhlən atlar”ın cəmi 1 sarı vərəqəsi olduğu halda, Niderland təmsilçisində 10 sarı, 1 qırmızı vərəqə var.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: