"Ayaks"ın say üstünlüyü statistikaya necə təsir göstərib?

Xəbərlər
25 Oktyabr 2024 16:43
167
"Ayaks"ın say üstünlüyü statistikaya necə təsir göstərib?

"Qarabağ"a qarşı 15-ci dəqiqədən 1, 79-cu dəqiqədən 2 futbolçu çoxluqda oynayan Avropanın ən titullu komandalarından biri "Ayaks" əlavə olaraq referinin qeyri-adekvat qərarları ilə də əldə etdiyi üstünlüyü hesabda 3 cavabsız qola çevirib.

İdman.biz bu amillərin matçın statistik göstəricilərinə necə təsir göstərdiyini nəzərdən keçirib.

Bütün bunların qarşılığında matçın favoriti olan qonaqların topa sahib olma üstünlüyü 54%-in 46%-ə olub.

Komandamız azlıqda oynamasına və böyük hesabla uduzmasına baxmayaraq, rəqibdən cəmi 4 hücum az edib (25-29).

Ancaq qapıya zərbələrinin sayı meydan sahiblərində nəzərəçarpacaqaz dərəcədə az olub. 3 zərbədən qapı çərçivəsinə gedən 1-ni qapıçı dəf edib, digər 2-ni müdafiəçilər bloka alıblar. Rəqibin 13 zərbəsindən 10-u qapı çərçivəsinə yönəlib. 1 zərbə qapıdan yan ötüb, 2-si bloka alınıb. 7 zərbənin qarşısını qolkiperimiz Koxalski seyvləri ilə alıb. Cərimə meydançası xaricindən zərbələrin nisbəti 1-in 4-ədir.

Amsterdamlılar 537 ötürmənin 475-də (88%) dəqiq olublar. Komandamızda bu göstəricilər 419, 336 və 80-dir. Hər iki komanda 37 uzun ötürmə etsə də, qonaqlarda onlardan 26-sı (70%), Qurban Qurbanovun yetirmələrində cəmisi 10-u (27%) ünvana çatıb.

Təkbətək mübarizədə komandamız yerdə üstün olsa da (53%-47%), havada çox geri qalıb (33%-67%).

"Qarabağ" oyunda 3, "Ayaks" 2 künc zərbəsi yerinə yetirib. Cərimə zərbələrini ağdamlılar 25, amsterdamlilılar 11 dəfə vurublar.

Futbolcularımız offsayda 1, qarşı tərəf 4 dəfə düşüb.

"Qarabağ" komandasına 7 sarı, 2 qırmızı, "Ayaks" futbolçularına 2 sarı vərəqə göstərilib.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: