Rəşad Sadıqov: “Ayxan Abbasovun olduğu komandaya qarşı oynamaq həmişə çətindir”

Xəbərlər
2 Noyabr 2024 17:37
135
Rəşad Sadıqov: “Ayxan Abbasovun olduğu komandaya qarşı oynamaq həmişə çətindir”

“Gərgin oyun olacağını bilirdik. Turun ilk günündə əsas rəqiblərimiz vacib xallar qazanmışdı. Buna görə də biz matça əlavə təzyiqlə çıxmışdıq”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

42 yaşlı mütəxəssis Misli Premyer Liqasının XII turunun “Şamaxı” ilə səfər görüşü barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Futbolçularım oyuna ciddi yanaşdılar. Onlara təşəkkür edirəm. Ayxan Abbasovun baş məşqçisi olduğu komandaya qarşı oynamaq həmişə çətindir. İkinci 45 dəqiqə bizim üçün daha ağır keçdi. “Şamaxı” 10-15 dəqiqə bizə ciddi təzyiq yaratdı. Səfərdə çox vacib qələbə qazandıq. Çempionatda hər xal çox önəmlidir. Ötən mövsümlə müqayisədə gərgin çempionat gedir. Əsas rəqiblərimiz də çox xal itkilərinə yol vermir. Şamaxıda oynamaq bütün komandalar üçün çətindir”.

Sadıqov Tiaqo Silva deyil, Aydın Bayramova güvənməsinin də səbəbinə aydınlıq gətirib: “Legioner limiti olmasa, Tiaqoya şans verərdim. Tək qapı deyil, bütün mövqelərdə rəqabət yaratmaq istəyirik. Aydın indi çox yaxşı formadadır. Növbəti oyunlarda heyətə və rəqibə görə qərarlar verəcəyik”.

Qeyd edək ki, “Zirə” səfərdə 2:0 hesablı qələbə qazanıb.

İdman.biz