Ayxan Abbasov: “Bu, bizim üçün siqnaldır”

Xəbərlər
2 Noyabr 2024 18:09
100
Ayxan Abbasov: “Bu, bizim üçün siqnaldır”

“Bu gün güclü rəqibə qarşı oynadıq. "Zirə" Konfrans Liqasının pley-off mərhələsində iştirak edən komandadır”.

İdman.biz xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, Misli Premyer Liqasının XII turunun “Zirə” ilə ev matçından sonra keçirilən mətbuat konfransında məğlubiyyətə şərh verib: “Zirə”yə qarşı oynamaq çətindir. Qarşılaşmaya pis başlamadıq. Amma ilk dəqiqələrdə əldə etdiyimiz epizodları dəyərləndirə bilmirik Rəqibimiz isə bir səhvimizdən istifadə edib hesabı açdı. İkinci hissədə yaxşı oynasaq da, nəticə bizi narahat edir. Premyer Liqanın ilk dövrəsini yaxşı keçirmişdik. Zədələr, itkilər komandamıza təsir edir. Mübarizə sona qədər gedəcək. Qış fasiləsinə kimi daha çox xal yığmaq lazımdır. Premyer Liqada 10 komanda var. Təqvim də çox önəmlidir. "Neftçi" ilə oyundan sonra fasilə yaranacaq. Ardınca bizi kritik oyunlar gözləyir. 4 oyundur qalib gəlməyən bizdən də üstün komandalar var”.

Abbasov transfer planlarına da toxunub: “Əlbəttə, qışda transferlər olmasını düşünürük. Amma imkan da önəmlidir. Heyətimizin güclənməyinə ehtiyac var. Bəzi mövqelərdə rəqabət yaratmaq lazımdır. "Kəpəz" baş məşqçi dəyişikliyindən sonra 7 transfer edib. Bu, bizim üçün siqnaldır”.

Qeyd edək ki, “Zirə”yə 0:2 hesabı ilə uduzan “Şamaxı” ardıcıl 4-cü məğlubiyyətini alıb.

İdman.biz