Olimpiya Stadionunun memarları: “Onlar heyran olacaq”

Xəbərlər
3 Noyabr 2024 10:37
406
Olimpiya Stadionunun memarları: “Onlar heyran olacaq”

HafizTimes.com-un budəfəki müsahibləri UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlara uyğun tikilib, dizayn edilən və Azərbaycandakı ən böyük stadion olan Bakı Olimpiya Stadionunun məşhur memar-dizaynerləri olub.

Heerim Architects & Planners – Cənubi Koreyanın qlobal memarlıq-dizayn və tikinti şirkəti:

– Bakı Olimpiya Stadionu 68 000 tamaşaçı tutumuna malik çoxməqsədli idman kompleksidir. “Heerim” şirkəti bu layihənin həm dizayn, həm də CM xidmətlərini (tikinti) həyata keçirdi. Layihəni 2015-ci ildə uğurla tamamladıq.

– Stadionun dizayn motivində Qız Qalası (YUNESKO-nun dünya irsi), fasadında isə Azərbaycanın, “Odlar Yurdu”nun simvolu olan yanan alov işarəsi təcəssüm etdirilib. Bu idman məkanı IAAF, FİFA, UEFA tərəfindən müəyyən edilmiş tələb və standartlara tam uyğundur. Futbol və atletikadan başqa, canlı musiqi çıxışları və s. kimi digər müxtəlif beynəlxalq tədbirlərə də ev sahibliyi etmək üçün planlaşdırılıb.

Bakı Olimpiya Stadionu yerli iqlim və topoqrafik xüsusiyyətlər nəzərə alınmaqla inşa edilib, külək və seysmik zərbələrə qarşı konstruktiv dayanıqlı bir bina kimi layihələndirilib. Bu stadion “ENR” qlobal mühəndislik jurnalı tərəfindən idman qurğuları kateqoriyasında “Ən yaxşı qlobal layihə” seçilib.

Bakı Olimpiya Stadionun tikintisi zamanı struktur mühəndisliyini isə Amerikanın qlobal mühəndislik şirkəti “Thornton Tomasetti” həyata keçirib. Şirkətin rəhbər işçiləri olan Kevin Legenza və Misam İmam struktur dizaynı, layihələrin idarə edilməsi və tədqiqat sahəsində geniş təcrübəyə malikdirlər. Onlar Bakı Olimpiya Stadionunun tikintisi ilə bağlı fikirlərini də bizimlə bölüşüblər:

– Bakı Olimpiya Stadionunun tikinti qrafiki sürətləndirilmişdi. Ona görə də biz layihə komandası olaraq, eyni vaxtda həm dizayn, həm də tikinti işlərini həyata keçirdik. Stadionun tikintisi zamanı mütərəqqi modelləşdirmə və avtomatlaşdırma texnikalarına daha çox etibar etdik.

– Stadionun dizaynı necə hazırlandı?

– Dizaynın çevikliyini maksimum həddə çatdırmaq üçün konstruktiv dizaynda stadionlardan daha çox hündürmərtəbəli binalar üçün səciyyəvi olan dərin, möhkəm təməllərdən istifadə etdik.

Komandamız tir və sütunların möhkəmləndirilməsini seysmik kod müddəalarına uyğun yoxlamaq üçün avtomatlaşdırılmış xüsusi dizayn proqramı işləyib hazırladı və bu proqram dizayn prosesini xeyli sürətləndirdi.

Nəhayət, 24 aylıq ağır qrafikdən sonra bu mükəmməl stadionun tikinti-dizayn prosesini uğurla başa çatdırdıq. 2015-ci ildə Avropa Oyunlarının açılış mərasimi də Bakı Olimpiya Stadionunda keçirildi. Stadionun gözəlliyi bütün Avropanı özünə valeh etdi.

– Bakı ilə bağlı hansı xatirələriniz var?

– Bakı çox qeyri-adi, qədim şəhərdir. Həm də küləklər şəhəridir. Həmin vaxt komandamız da şəhəri çox bəyənmişdi. Bakıya getmək üçün saatlarla təyyarələrdə qalmalı olurduq. (Bu, bizim üçün bir az çətin idi) Amma orada olan zaman hər şeyi unudurduq.

– Yaxın günlərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da (COP29) Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla bağlı nə demək istərdiniz?

– COP bütün dünyada mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirdir. Belə bir qlobal tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsi çox sevindirici və qürurvericidir. Bunun üçün Bakı Olimpiya Stadionunda hər bir şərait var. Əminik ki, bütün qonaqlar Bakı Olimpiya Stadionuna heyran olacaqlar.

İdman.biz