Perulu futbolçu Xose Uqo de la Krus Mesa oyun zamanı ildırım vurması nəticəsində həlak olub.
İdman.biz xəbər verir ki, ölkə mətbuatı ən azı bir nəfərin də yaralandığını bildirib.
Həlak olan müdafiəçidən başqa, qapıçı Xuan Çoka ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İldırım vuran digər oyunçuların sağlamlıq durumu hələ məlum deyil.
Hadisə Uankayo departamentində yerləşən "Koto Koto" stadionunda, yerli "Yuventud Bellavista" və "Familiya Çokka" komandaları arasındakı matç zamanı baş verib.
Oyun şiddətli fırtına səbəbi ilə dayandırılıb. Məhz bundan sonra futbolçular stadionu tərk etmək istəyərkən ildırım onları vurub.
Videoda bir neçə futbolçunun eyni anda yerə düşdüyü ildırımın dəqiq anı qeyd edilib. Yaralılar dərhal Uankayodakı Karriyon xəstəxanasına aparılıb, burada həkimlər Xose Uqo de la Krus Mesanın ölümünü təsdiq ediblər.
İdman.biz