"Məşqçilik elə bir peşədir ki, burda sərhədləri aşıb keçməlisən. Bu, müxtəlif peşələrin toplusudur. Məşqçi bir psixoloq, müəllim, həkim kimi peşələri özündə birləşdirir".
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.
Veteran futbolçu Vaqif Cavadovun "Sumqayıt"da ilk 3 oyununu dəyərləndirib. O, Misli Premyer Liqasının XII turunda "Sumqayıt"ın "Sabah"ı 1:0 hesabı ilə məğlub etdiyi matçı şərh edərək bildirib ki, yığmanın sabiq futbolçusunun ilkin addımlarında doğru strategiya seçdiyi görünür: "Sabah"a qarşı matçda komandasının gücünün hansı səviyyədə olduğunu düzgün təsbit etmişdi. Göründüyü qədər də, öz yarımmeydançasından müdafiəni qurmağa başladılar ki, bunun da səbəbi bu rəqibə qarşı açıq futbol oynamağın düzgün olmadığını bilməsi idi. Kompakt müdafiənin sayəsində rəqibə qol imkanları vermədilər. Özləri də standart vəziyyətdən fərqləndilər. Bu, Cavadov üçün atılan doğru addım idi. Bu cür oyunlar onu qarşıda çox gözləyir".
Kərimovun sözlərinə görə, Cavadovun hazırkı vəziyyətdə təcrübəyə ehtiyacı var: "O, mübarizəni sevən, bundan qorxmayan xarakterə malikdir. Bu da məşqçilik üçün çox vacib bir aspektdir. Stresslə bağlı dayanıqlı olmalıdır. Bəzən haqlı və ya haqsız məşqçiləri tənqid edirlər. Vaqifin nə qədər stressə davamlı olduğunu hələlik bilmirik. Bunlar məğlubiyyətlər olanda, iş qaydasında getməyəndə üzə çıxır. Necə deyərlər, nə yatdı ki, nə yuxu görsün?!. Cavadov indi məşqçiliyə başlayıb. Bundan sonra onun qarşısında uzun yol var. Düşünürəm ki, onun məşqçiliyini dəyərləndirmək üçün bəlli bir zaman keçməlidir".
O, Şahin Diniyevin "Səbail"dən istefasına da münasibət bildirib: "Səbail" kiçik büdcə baxımından nəyəsə nail olmaq istəyirdi. Oyun baxımından da "Kəpəz"dən geri qalmırdılar, hətta üstələyirdilər. Qələbə qazana bilərdilər. Sonda yenə idman xoşbəxtliyi bölgə təmsilçisi tərəfdə oldu. Əvvəlki mövsümlərdə də "dənizçilər"in yüksək yerlər uğrunda mübarizə aparacağını eşidirdik. Amma sonradan Şahin Diniyevin sayəsində onların Misli Premyer Liqasında qaldığını gördük. Bəzən biz məşqçilərə memar, qurucu deyirik. Amma istənilən bir memar qurduğu istehkamın daşı qədər güclüdür. Diniyevi çox qınaya bilmirəm. Amma özündə güc tapıb istefa verməsini məşqçilik üçün normal hal sayıram".
Qeyd edək ki, Vaqif Cavadov "Sumqayıt"la 3 oyundan ikinsində qələbə qazanıb.
Emin Ağa
İdamn.biz