İsveç millisinin və “Sportinq”in hücumçusu Viktor Qyokereş İFFHS-in təqdim etdiyi “Klub 50”yə daxil olub.
İdman.biz xəbər verir ki, skandinaviyalı hücumçu bir təqvim ilində 50 qol vurub.
Viktor XXI əsrdə bunu bacaran 25-ci futbolçudur. 2024-cü ilin sonuna qədər iki aya yaxın vaxt qaldığı üçün isveçli 60 qol həddini də adlamaq imkanına malikdir. O, bunu da bacarsa, 4-cü futbolçu olacaq.
Əsrin rekordu Lionel Messiyə məxsusdur. O, 2012-ci ildə Argentina millisi və “Barselona”da ümumilikdə 91 qola imza atıb.
Bir il sonra Kriştiano Ronaldo Portuqaliya yığması və “Real”da 69 qola sevinib. Eyni nəticə 8 il sonra təkrarlanıb. Robert Levandovski Polşa millisi və “Bavariya”da məhsuldarlıq göstərib.
Qeyd edək ki, Qyokereşə qədər 50 qol səddinə çatan sonuncu futbolçu Erlinq Haland olub. O, ötən il Norveç millisi və “Mançester Siti”də 50 dəfə fərqlənib.
İdman.biz