Çempionlar Liqası: 4-cü tur hansı məqamlarla diqqəti çəkir?

Xəbərlər
5 Noyabr 2024 12:17
57
Çempionlar Liqası: 4-cü tur hansı məqamlarla diqqəti çəkir?

UEFA Çempionlar Liqasında 13 günlük fasilə bu gün başa çatır.

İdman.biz xəbər verir ki, iki oyunla 4-cü tura start veriləcək, gecə yarısı daha yeddi qarşılaşma olacaq.

Üç turdan sonra “Aston Villa” və “Liverpul” yüz faizli nəticə - hərəyə 9 xalla Liqa mərhələsində liderlik edirlər. Onlardan sonra turnir cədvəlində 7 xalla “Mançester Siti”nin gəldiyini nəzərə alsaq, ilk “üçlük”də İngiltərə təmsilçilərinin olmasını xüsusi vurğulamaq lazımdır.

Bugünkü oyunlara gəlincə, turnir cədvəli baxımından “Liverpul”un 6-cı pillədə qərarlaşmış “Bayer Leverkuzen”i qonaq edəcəyi qarşılaşma daha çox diqqət çəkir. 2005-ci ildə Almaniya təmsilçisini 1/8 finalda iki dəfə 3:1 hesabı ilə məğlub edən “qırmızılar” o vaxt finala kimi irəliləmiş, tarixi oyunda “Milan”a (3:3, pen. 3:2) da qalib gələrək Çempionlar Liqası kubokunu qazanmışdılar. Hazırda Premyer Liqada liderlik edən “Liverpul”un qələbə şansı indi də daha yüksək sayılır.

İlk “səkkizlik”də qərarlaşmış komandalardan “Sportinq”lə “Mançester Siti”nin dueli də maraqlı olacaq. Portuqaliya çempionatının lideri 2022-ci ildə evdəki 0:5 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İndi öz ölkəsində məğlubedilməz olan (ilk 10 turun hamısında qələbə!) “Sportinq”in əsl gücü də bu gün bilinəcək. Bu mövsüm Portuqaliya çempionatında artıq 16 qol vuran, UEFA Millətlər Liqasında rəqibimiz İsveç millisinin üzvü Viktor Qyökeres “Mançester Siti”ni də məyus edə biləcəkmi?

Ad-san və tarixi baxımdan Çempionlar Liqasının ən titullu komandaları “Real Madrid” və “Milan”ın görüşü də bütün dünyada azarkeşlərin diqqət mərkəzində olacaq. Sonuncu dəfə 2010-cu ildə qarşılaşan komandaların İspaniyada o vaxtkı duelində “Real” 2:0 hesablı qələbə qazanmışdı.

Yeri gəlmişkən, Niderland millisinin və "Milan"ın sabiq futbolçusu Ruud Qullit hazırda La Liqada liderdən 9 xal geri qalmasına, Çempionlar Liqasında 12-ci pillədə qərarlaşmasına baxmayaraq, qitə turnirində məhz “Real”ı əsas favorit hesab etdiyini bildirib. “Bir favorit seçmək çətindir. "Bavariya"nı həmişə bəyənmişəm, amma “Real Madrid” daim favorit olaraq qalır. Bunu unutmaq olmaz. İndi “Real” özünün tarixi zirvəsində, ən yaxşı dövründədir. Komanda Çempionlar Liqasının son qalibidir və yenilənmiş stadionda oynayır. Hamı “Real”ın formasını geyinmək istəyir. Bu, fantastik komandadır”, - deyə “Marca” Qullitdən sitat gətirir.

Bu gün İtaliyada keçiriləcək “Bolonya” - “Monako”nun qarşılaşması da bizim üçün maraq kəsb edir. Oyunu Əliyar Ağayevin rəhbərliyilə azərbaycanlı hakimlər briqadası idarə edəcək. Çempionlar Liqasının hazırkı turnir cədvəlində İtaliya təmsilçisi bir xalla 29-cu, Fransanı təmsil edən klub isə yeddi xalla 4-cü yerdədir.

Liderlərdən danışdıq, autsayderləri də unutmayaq. Hələ ki hesablarında xal olmayan ”Slovan”, “Leypsiq” və “Şturm” bu gün, “Yanq Boys”, “Srvena Zvezda” və “Zalsburq” isə sabah səkkiz turdan ibarət yarışın ilk yarısında Çempionlar Liqasına təsadüfən düşmədiklərini sübut etməyə çalışacaqlar. Onlardan öz meydanında Zaqreb “Dinamo”sunu qəbul edəcək “Slovan”ın ilk xal və ya xallarını qazanmaq şansının daha çox olduğunu düşünmək olar.

Rasim
İdman.biz