Misli Premyer Liqasında 6 futbolçu mövsümün 12 turunun hamısında əvəz edilmədən meydanda olub.
İdman.biz xəbər verir ki, Emmanuel Hakman (“Turan Tovuz”), Rza Cəfərov (“Neftçi”), Hüseynəli Quliyev (“Səbail”), Mehdi Cənnətov, Murad Xaçayev və Elvin Bədəlov (hamısı “Sumqayıt”) 12 oyunda 1080 dəqiqə sahədə olublar.
Onlarla bərabər daha 5 futbolçu son turda 1000 dəqiqə həddini keçib. Lakin bu futbolçuların ya əvəz edildiyi, ya da meydana sonradan çıxdıqları hal da olub. Aleks Serrano (“Turan Tovuz”) 1074, Amir Bilali (“Səbail”) 1044, Ramil Şeydayev (“Neftçi”) 1041, Səbuhi Abdullazadə (“Sumqayıt”) 1035, Cessi Sekidika (“Sabah”) 1010 dəqiqə komandasında kömək edib.
8 futbolçu 990 dəqiqə oynayıb ki, onlardan üçü – “Araz-Naxçıvan”dan Vanderson Melo və İqor Ribeyro, “Şamaxı”dan isə Rikardo Fernandes komandaları 11 oyun keçirdikləri üçün əvəzolunmazlardır. Amma onlar hələlik 1000 dəqiqə həddini aşa bilməyiblər.
Ümumilikdə 9 əvəzolunmazdan dördü qapıçıdır. Bunlar Rza, Hüseynəli, Mehdi və Rikardodur.
Vüqar Məmmədov
İdman.biz