Neymar yenə zədələnib.
İdman.biz xəbər verir ki, ötən il onun ön çarpaz bağları qopmuş, bir il yaşıl meydanlardan kənar qalmışdı. Zədəsini yenicə sağaldıb, futbola qayıtmışdı...
Dünənki oyunda təxminən yarım saat qala bilib: ayağında güclü qıcolma səbəbindən meydanı tərk edib. 2023-cü ilin sentyabrında “Əl-Hilal”da çıxış etməyə başlayan braziliyalı futbolçu indiyə kimi Səudiyyə klubunda cəmi 7 oyun keçirib və 1 qol vurub.
Deyilənə görə, PSJ-dən keçidi 90 milyon avroya başa gəlmiş və Səudiyyə Ərəbistanı Pro Liqasının ən bahalı transferi olmuşdu. Müqaviləyə görə, “Əl-Hilal”ın ona ildə 150 milyon avro ödədiyi bildirilir ki, bu da Fransada qazandığı məbləğdən altı dəfə çoxdur.
PSJ-də oynadığı vaxtlarda da günlərini xəstəxana palatalarında və ya ev şəraitində müalicə olunmaqla keçirirdi. Topuğunun zədələnməsi, ayaq darağı sümüklərinin sınması, dizaltı vətərin zədələnməsi, daha nələr-nələr... Müxtəlif vaxtlarda ardıcıl 76 gün, 85 gün, 90 gün və hətta 130 gün futboldan kənar qalmışdı: hələ az müddətli zədələnmələri demirik. Bunun nəticəsidir ki, altı mövsümdə PSJ ilə Fransa çempionatında 112 oyun keçirib, halbuki ondan əvvəl dörd il ərzində “Barselona” ilə La Liqada 123 matça çıxmışdı.
Texnikası ən üst səviyyədə, qol vurmaq bacarığı da alqışalayiq olsa da, xarakteri, səhv addımları və aldığı zədələr sözünü deyib. Vaxtilə adı “Qızıl top”u qazana biləcək futbolçular arasında ən öndə çəkilirdi. Özünün də ən böyük arzularından biri idi, amma nüfuzlu mükafat uğrunda sorğuda ən yaxşı halda iki dəfə - 2015 və 2017-ci illərdə üçüncü ola bilib. Düzdür, üzrlü səbəbi var: hər iki halda Lionel Messi və Kriştiano Ronaldodan geri qalıb.
Sonuncu dəfə 2022/23 mövsümünün ilk yarısındakı çıxışı onun Erlinq Haaland və Kilian Mbappe kimi futbolçularla birlikdə 2023-cü ilin “Qızıl top”una əsas namizədlərdən biri kimi önə çıxmasına səbəb olmuşdu, amma yekunda namizədlər siyahısında belə yer almadı.
79 qolla Braziliya millisinin bütün dövrlərdə ən məhsuldar oyunçusu olmasına baxmayaraq, ona bəslənən ümidləri tam doğrultmağına görə həmişə tənqidlərə məruz qalıb. “Sports Illustrated”ə görə, Neymar karyerasını “Qızıl top” və ya dünya çempionluğunu heç vaxt qazanmayan ən yaxşı oyunçu kimi bitirə bilər.
Ötən il Ərəbistana getməsi də onun “Qızıl top”dan əlini üzməsinə bir işarədir. Artıq yaşı da 33-ə yaxınlaşır. Onu artıq sönən ulduz saymaq olar, yoxsa 39 yaşlı Kriştianu Ronaldo və 37 yaşlı Messini yada salıb, hələ ümidin qaldığını düşünək?
Rasim
İdman.biz