"Oyun düşündüyümüz kimi ağır alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O, Misli Premyer Liqasının 3-cü turunun təxirə salınmış oyununda səfərdə "Zirə" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Yolumuza davam edirik, qarşıdakı oyuna hazırlaşacağıq. Komandama təşəkkür edirəm, uşaqlar yaxşı performans göstərdilər. Zədəli futbolçularımız bizə qoşulandan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik. Çalışırıq ki, heç bir rəqibə qarşı ikinci nömrə ilə oynamayaq. Bizim öz dəst-xəttimiz var. İkinci hissədə hücumda kreativliyi artırdıq. Sərəncamımda olan bütün futbolçulara güvənirəm, o cümlədən Qaraya da. Biz klub olaraq ona dəstək oluruq. Qara da bu dəstəyi qaytarmalıdır. O, böyük xaraktera sahib olan futbolçudur. Qara bu gün komandanın bir parçası idi. Getdikcə daha yaxşı olacaq. Çoxları bizi aşağı pillələrdə görürdü. Amma bu, komandanın maksimumu deyil. Qarşıdakı rəqibi düşünürük. Avrokuboklara vəsiqə qazansaq, yaxşı olar".
Qeyd edək ki, "Araz-Naxçıvan" 27 xalla 2-ci pillədə yer alıb.
İdman.biz