Santuşdan millidə mini islahat: Beş həftədə 6 dəyişiklik

Xəbərlər
8 Noyabr 2024 13:44
1 561
Santuşdan millidə mini islahat: Beş həftədə 6 dəyişiklik

Azərbaycan millisinin bu gün açıqlanan heyəti ciddi dəyişikliklərlə diqqət çəkib.

İdman.biz xəbər verir ki, baş məşqçi Fernandu Santuş ötən ayın 4-də yığmaya çağırdığı heyətə ciddi şəkildə əl gəzdirib.

Portuqaliyalı mütəxəssis 35 gün əvvəl olduğu kimi yenə 24 futbolçuya ehtiyac duyub. Amma bu dəfə 6 dəyişiklik edib.

Bu, heyətin 25 faizi deməkdir. Beş həftəlik müddət üçün belə dəyişikliyi mini islahat da adlandırmaq olar.

Amin Seydiyev, Nəriman Axundzadə və Rza Cəfərov yığmaya qaytarılıb. Əvvəllər toplanışa çağırılan, amma debüt etməyən Nicat Mehbalıyevlə Səbuhi Abdullazadə də "24-lüy"ə daxil edilib. Mustafa Əhmədzadə isə ilk dəfə milli dəvət alıb. Ötən toplanışa çağırılan, amma sonradan zədə üzündən heyətdən çıxarılan Bəhlul Mustafazadə də yenidən "24-lük"dədir.

Oktyabrdakı "24-lük"də yer alan Mehdi Cənnətov, Qismət Alıyev, Renat Dadaşov, Şəhriyar Əliyev,
Yusif İmanov və Elvin Camalov bu dəfə kənarda qalıblar. Buna bəzilərinin zədəsi, bəzilərinin klubunda az oynaması kimi fərqli amillər səbəb olub. Ötən ay yığmaya çağırılan, lakin zədə üzündən heyətdən kənarlaşdırılan Camalovun əvəzinə dəvət alan Vadim Abdullayev də bu dəfə Santuşa lazım olmayıb.

Qapıdakı vəziyyət xüsusilə diqqət çəkir. Heyətdə yer alan üç qapıçıdan heç biri millidə təcrübəsi ilə seçilmir. Düzdür, Rza Cəfərov elə bu il debüt şansı qazanıb. Amma o, yığmada elə 1 oyun keçirib. Aydın Bayramovla Nicat Mehbalıyev isə əsas komandamızda debüt etməyiblər. Millətlər Liqasının 4 görüşündə 11 top buraxan Mehdi Cənnətovun yoxluğundan bu "üçlük"dən biri, bəlkə də hər görüşdə biri şans qazanacaq.

Qeyd edək ki, millimiz noyabrın 16-da Estoniyanı qəbul edəcək, üç gün sonra İsveçin qonağı olacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: