“Sumqayıt”ın futbolçusu: “Özümü bu formanı geyinməyə hazır hiss edirəm”

Xəbərlər
9 Noyabr 2024 09:38
111
“Sumqayıt”ın futbolçusu: “Özümü bu formanı geyinməyə hazır hiss edirəm”

“Milliyə ilk dəfə dəvət olunmuram. Daha öncə də çağırılsam da təəssüf ki, şans qazanmamışdım”.

Bunu İdman.bizə “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə deyib.

Yarımmüdafiəçi UEFA Millətlər Liqasında Estoniya və İsveçə qarşı oyunlar üçün Azərbaycan yığmasına dəvət almasını dəyərləndirib. O bildirib ki, bu hal onu qürurlandırır: “Bu, gözəl hissdir. Özümü bu formanı geyinməyə hazır hiss edirəm. Əsas heyətdə, yaxud da sonradan oynamağımla bağlı qərarı məşqçi verəcək. Amma nə qədər şans qazanacamsa, əlimdən gələnin artığını edəcəyəm”.

Abdullazadə qarşıdakı oyunlar haqda da danışıb: “Hər rəqibə qarşı oynamaq mümkündür. Ümid edirəm ki, hər 2 oyunda istədiyimiz nəticəni alıb azarkeşlərimizi, xalqımızı sevindirərik”.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

Emin Ağa
İdman.biz