Azərbaycan millisinin veteran futbolçusu Vidadi Rzayevin İdman.bizə müsahibəsi
- “Turan”ın çempionluğunun və ölkəmizi ilk dəfə "Fənərbaxça" ilə matçlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar “Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyununda iştirak ediniz. Görüş barədə təəssüratlarınız necədir?
- Simvolik oyun oldu. Köhnə xatirələri yada saldıq. Keçmiş zamanlarda eyni meydanı bölüşdüyümüz yoldaşlarımızla yenidən oynamaq çox xoş oldu. Hamımız sanki uşaqlığımıza, gəncliyimizə qayıtdıq.
- Uzun müddətdən sonra yenidən eyni meydanda oynamağın xoş olduğunu bildirdiz. Hisslərinizi necə bölüşərdiz?
- Çox möhtəşəm idi. Bunun tərifi belə yoxdur. Həmin anı izah etməyə sözlər, cümlələr yetərsizdir. İki komandanın ikisində də zamanla oynamışam. Bizim üçün çox xoş haldır ki, “Turan” avrokubokda Azərbaycanı təmsil edən ilk klubdur. Bəlkə də o zamanlar məğlubiyyətdə təcrübəsizliyin qurbanı olduq. SSRİ-dən yeni ayrıldığımız dönəmdə “Turan” klubunu yaratdı. Biz o zamanlar bu adın dərinliyinin fərqinə varmırdıq. Dünən futboldan sonra ziyafətdə də bununla bağlı söhbət etdik.
- Matçdan sonra və ziyafətdə başqa nə söhbətlər etdiz? Azərbaycan futbolunun durumunu müzakirə etdizmi?
- Əsas keçmiş günlərimizi yada saldıq. Xatirələrə daldıq. Uzun müddətdir görüşüb, danışmırdıq. Bu görüş yerinə düşdü. Bunun üçün “Turan Tovuz”un rəhbərliyinə təşəkkür edirik.
- Bu cür layihələrin davamlı olmasını istərdiniz?
- Təbii ki, çox istərdim. Tək bizim üçün deyil, karyerasını bitirən cavan oyunçularla bağlı da belə layihələrin olmasını arzuediləndir. Tarixi unutmaq olmaz, amma tarixlə də yaşamaq düz deyil. Bu səbəbdən digər klublarda belə təşəbbüs irəli sürsələr, əla olar.
Banuçiçək Hüseynli
İdman.biz