“Qarabağ”ın 32 qolu, Qurban Qurbanovla əlçatmaz rekord

Təhlil
13 Noyabr 2024 15:03
147
“Qarabağ”ın 32 qolu, Qurban Qurbanovla əlçatmaz rekord

Misli Premyer Liqasının 13 turu arxada qalıb.

İdman.biz xəbər verir ki, çempionatın baş tutan hissəsi “Qarabağ”ın məhsuldarlığı ilə diqqət çəkir.

Bir oyun az keçirən Ağdam klubu artıq 32 qola imza atıb. 12 matça çıxan Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,67-yə bərabərdir.

Bu göstərici nə qədər yüksək olsa da, ölkə çempionatları tarixində heç də ən yaxşılardan deyil. 1992-ci ildə keçirilən yarışda 17-ci dəfə bir komanda ilk 12 oyunda 32 və ya daha çox qola sevinir.

Elə “Qarabağ”ın özü 4-cü dəfə mövsümün müvafiq dövründə ən azə 2,67 qolluq məhsuldarlıq göstərib. Ağdam təmsilçisinin şəxsi rekordu isə 2 il əvvələ təsadüf edib. Həmin vaxt Qurbanovun komandası 38 qol vurub və tarixində ikinci dəfə 12 turda orta hesabla 3-dən çox topa imza atıb. 2003/04 mövsümündə “Qarabağ” 36 dəfə fərqlənib.

Yeri gəlmişkən, tarixdə 7 dəfə bu bölümdəki məhsuldarlıq 3 və ya daha yüksək olub. Bunlardan ikisi “Qarabağ”ın, ikisi “Kəpəz”in hesabındadır.

Sumqayıt “Xəzər”i, “Şəmkir” və “Neftçi”də 12 turda “3”ü keçib. Bakı klubu mütləq rekordun sahibidir. “Ağ-qaralar” 1996/97 mövsümündə bu qədər oyunda 47 qol vurub. Orta məhsuldarlığın 4-ə çatması üçün cəmi bir top çatmayıb. Həmin vaxt Bakı klubu startda 9:0, 7:1, 7:2, 5:0 hesablı qələbələrlə azarkeşlərinə sevinc bəxş edib. Həmin vaxt “Neftçi”nin əsas qol silahı, sonda mövsümün bombardiri adını qazanan “Qarabağ”ın indiki baş məşqçisi Qurban Qurbanov olub. Həmin rekord isə əlçatmaz görünür.

İkinci göstəriciyə malik “Kəpəz” 5 qol geri qalır. Ən azı 40 qol vurmağı bacaran 3-cü komanda Sumqayıt “Xəzər”i olub.

Mövsümün ilk 12 oyununda 32 və daha çox qol vuranlar:
1. “Neftçi” (1996/97) - 47
2. “Kəpəz” (1995/96) - 42
3. “Xəzər” S (1992) - 40
4-5. “Kəpəz” (1998/99) - 38
“Qarabağ” (2022/23) - 38
6. “Şəmkir” (2000/01) - 37
7. “Qarabağ” (2003/04) - 36
8-9. “Neftçi” (1992) - 35
“Neftçi” (1994/95) - 35
10-11. “Neftçi” (2000/01) - 34
“Şəmkir” (2003/04) - 34
12-13. “Kəpəz” (1994/95) - 33
“Kəpəz” (1996/97) - 33
14-17. “Kəpəz” (1992) - 32
“Neftçi” (1995/96) - 32
“Qarabağ” (2004/05) - 32
“Qarabağ” (2024/25) - 32

Qeyd edək ki, cari mövsümdəki qol sayında ikinci olan “Sabah” 13 oyunda 22 dəfə fərqlənib.

Vüqar Xeyrullayev
İdman.biz