"Rəqib güclü komanda idi. Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq".
İdman.biz xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması baş məşqçisi İlham Yadullayev deyib.
O, Avropa çempionatının seçmə mərhələsində 6-cı qrupun I turu çərçivəsində Macarıstan yığmasına 0:4 hesablı məğlubiyyəti şərh edib: “Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu. Bu, matçın gedişatına da təsir göstərdi. Oyunu çevirməyə, hücumlarda çox iştirak etməyə çalışdıq. Ancaq həmin anlarda üçüncü qolu buraxdıq. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol imkanları da yaradırdıq. Təəssüf ki, rəqib əks-hücumdan dördüncü qolu vurdu. Ümumilikdə uşaqlar yaxşı oyun nümayiş etdirməyə çalışdılar. Macarıstanla görüşü yaddan çıxarıb, qarşıdakı iki matça hazırlaşacağıq. Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Həmin qarşılaşmada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, U-17 millimiz növbəti oyununu noyabrın 16-da Yunanıstana qarşı keçirəcək.
İdman.biz