Bu gün Estoniya ilə oyun Azərbaycan millisi üçün önəmli olduğu qədər onun baş məşqçisi Fernandu Santuş üçün də böyük əhəmiyyət kəsb edir.
İdman.biz xəbər verir ki, Qəbələdəki qarşılaşmada qalib gəlməyəcəyi halda komandamızın portuqaliyalı mütəxəssisin rəhbərliyi altında qələbəsiz və ya məğlubiyyət seriyası 5 oyuna çatacaq.
Amma belə uğursuzluq da Santuş üçün qorxulu deyil. 70 yaşlı məşqçi hər mətbuat konfransında 3+1 illik müqaviləsinə güvənərək “yaxşı olacaq” deyib gələcəkdən danışır və işindən getməklə bağlı mümkün variantları heç yaxına buraxmır.
Halbuki Azərbaycandan əvvəl çalışdığı “Beşiktaş”da üç aydan bir az çox tab gətirmiş, ardıcıl üç məğlubiyyət və ondan sonra da iki heç-heçənin ardınca istefaya göndərilmişdi.
Əvvəllər Yunanıstan (2010-2014), Portuqaliya (2014-2022) və Polşa (2023) millilərinə rəhbərlik edən Santuş bu komandalarda belə ardıcıl məğlubiyyətlərlə rastlaşmayıb. Çalışdığı Portuqaliya və Yunanıstan klublarında isə ardıcıl üç məğlubiyyəti çox yaşayıb. Azərbaycandan əvvəl ən uğursuz seriyası 2008-ci ildə PAOK-da olub. Amma o vaxt Saloniki təmsilçisi mövsümün ortasında ardıcıl dörd quru məğlubiyyətdən sonra, nəhayət, 3:0 hesablı qələbə qazanmış və yekunda da 9-cu yeri tutmuşdu.
Azərbaycan millisinə gəlincə, komandamızın ən uğursuz seriyası ardıcıl 11 məğlubiyyətdən ibarət olub. Amma bu, AFFA-nın “pulsuzluq dövrü”nə, həmçinin müharibə şəraitinə görə evdə oynamağımıza qadağa qoyulduğu 1994-1995-ci illərə təsadüf edib. Həmin vaxt baş məşqçi əvvəlcə Ağasəlim Mircavadov - Kazbek Tuayev dueti, sonra doqquz oyunda Ağasəlim Mircavadov, nəhayət, sonuncuda Kazbek Tuayev olub.
Sonrakı uğursuzluqlar əcnəbi məşqçilərlə bağlı olub. Berti Foqtsun vaxtında Azərbaycan komandası 2009-cu ildə ardıcıl yeddi, 2010-2011-ci illərdə isə altı oyunda uduzmuş, amma almaniyalı məşqçi işinə davam etmişdi. Nəhayət, 2014-cü ildə ardıcıl dörd məğlubiyyətdən sonra o, vəzifəsindən getmişdi.
2019-2020-ci illərdə xorvat Nikola Yurçeviç millimizlə ardıcıl üç məğlubiyyətlə vidalaşmışdı.
Canni De Biazinin vaxtında isə Azərbaycan millisi bir il ərzində - 2021-ci ildə iki dəfə dörd oyunluq məğlubiyyət seriyası yaşamışdı. Buna baxmayaraq, italiyalı 2023-cü ilin sonuna kimi öz vəzifəsində qala bilmişdi.
Rasim
İdman.biz