Eldəniz Əzizli dayısı oğlunu fərqləndirib: “Can yandırmayanlar da vardı”

Xəbərlər
18 Noyabr 2024 09:52
185
Eldəniz Əzizli dayısı oğlunu fərqləndirib: “Can yandırmayanlar da vardı”

“Təəssüflər olsun ki, bu dəfə də qalib gələ bilmədik”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

Futbol üzrə yığmamızın Millətlər Liqasında Estoniyaya qarşı matçını Qəbələdə canlı izləyən dördqat dünya çempionu bildirib ki, qələbə qazanmaq olardı: “Qrupda evdə son oyunumuz idi. Ümid edirdim ki, Estoniyanı məğlub etmək mümkün olacaq. Qrupda qazana biləcəyimiz yeganə qələbə məhz onlara qarşı ola bilərdi. Təəssüf ki, alınmadı”.

Əzizli oyunda millimizin heyətində ən çox oyununu bəyəndiyi futbolçuların da adlarını açıqlayıb. O, dayısı oğlu Coşqun Diniyevin də istəkli olduğunu vurğulayıb: “Coşqun və bir neçə futbolçu daha fəal görünürdü. Ancaq təəssüflər olsun ki, komanda şəklində oynaya bilmirdilər. Futbolun da fərqi odur ki, meydanda 11 nəfər gərək canını ortaya qoysun. Bəzi oyunçularda digərləri ilə müqayisədə bunu gördüm. Amma o qədər də can yandırmayanlar da vardı. Futboldan onlar qədər anlayışım olmasa da, kənardan görünürdü ki, onlar bəzi toplara açılmaq, qaçmaq istəmirdilər. Fürsətlərdən istifadə edilmədiyi üçün də qələbə alınmadı”.

Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 19-da İsveçə qarşı keçirəcək. Saat 23:45-də start götürəcək matç “Stravberri” Arenasında baş tutacaq.

Emin Ağa
İdman.biz