“Şəmkir”ə çağırılanda düşünmədən təklifi qəbul etdim”.
Bunu İdman.biz-ə II Liqada mübarizə aparan “Şəmkir”ə yeni baş məşqçi təyin olunan Vüqar Nadirov deyib.
Bölgə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan millinin sabiq futbolçusu bildirib ki, hədəfi komandanı köhnə günlərinə qaytarmaqdır: “Şəmkir”də mənə yaxın olan insanlar var. Bu klub Azərbaycanın ən köklü komandalarındandır. Məqsədimiz “Şəmkir”i yenidən dirçəltmək və küskün azarkeşlərimizi tribunalara qaytarmaqdır. Bu işləri tədricən, zamanla görməyə çalışacağıq”.
Nadirovun sözlərinə görə, klub onun qarşısına hələlik konkret məqsəd qoymayıb: “Futbolçu kimi ən yaxşılardan olacağımı hədəfləmişdimsə, məşqçilikdə də belədir. Klubda qarşıma müəyyən vaxtda, müəyyən işlər görülməklə bağlı bir hədəf qoyulmayıb. Qış fasiləsinə kimi qarşıdakı 4 oyunda maksimum nəticə qazanmaq istəyirəm. Ondan sonra komandaya yeni futbolçular transfer edib daha da güclənəcəyik. Amma hələ ki, kimləri transfer edəcəyim barədə fikrim yoxdur”.
O, “Hypers Guba”dan ayrılma səbəbinin maddi məsələlərlə bağlılığının olmadığını da vurğulayıb: “Bunlar şayiədir. Sırf klubdaxili məsələ olduğu üçün açıqlamaq istəmirəm”.
Qeyd edək ki, Vüqar Nadirov "Hypers Guba"nı Region Liqasından II Liqaya yüksəldib.
Emin Ağa
İdman.biz