“Vidadi Rzayevə həm şəxs, həm də futbolçu kimi böyük hörmətim var. İnanmıram ki, ömrünü futbola həsr edən biri yalan desin”.
İdman.biz xəbər verir ki, bunu Apasport.az saytına Mahir Şükürov deyib.
Millinin sabiq futbolçusu Vidadi Rzayevin “Gəncədə uşaq futboluna ayrılan pulları basıb yeyirlər” fikrinə münasibət bildirib: “Uşaq futboluna ayrılan pulları kimsə mənimsəyirsə, deməli inkişaf istəmir. Vidadi müəllimin dediyi söz yalnız “Kəpəz”ə aid deyil. Bir neçə klubda da pulları basıb yeyirlər. Hər şey göz qabağındadır. Dünyada hər kəs uşaq futboluna yönəlib. Bizim akademiyalarda isə futbolçu yetişmir. İşə ciddi yanaşsalar, nəsə etmək olar. Uşaq futbolunun durumu acınacaqlıdır. Maliyyə cəhətdən də problemlər çoxdur. Premyer Liqaya xərclənən pulların heç olmasa yarısı uşaq futboluna ayrılmalıdır. Gələcəyi qurmaq lazımdır. Onsuz da avrokuboklarda “Qarabağ”dan başqa nəticə verən klubumuz yoxdur”.
Veteran futbolçu məşqçilik barədə düşünmədiyini də bildirib: “Şəxsən özüm heç vaxt baş məşqçi olmaq istəməmişəm. İstəsəm, çoxdan bu sahədə çalışardım. Məşqçi olmaq üçün gərək psixologiyanı anlayasan, futbolçularla çalışmağı bacarasan. Demirəm ki, bunlar məndə yoxdur. Sadəcə baxın, PRO kateqoriyalı o qədər məşqçilərimiz var ki, əksəriyyəti klubsuzdur. Əlinin altında material olmasa, alınan deyil. Material olmadan məşqçi kimi çalışmaq istəmərəm. Yaxşı heyətin olmasa, Premyer Liqada aşağı yerlər uğrunda mübarizə aparacaqsan. Beləcə də, klub rəhbərliyi ilə "üz-göz olub", komandanı tərk edəcəksən. Nəticədə başqa kluba təyin olunacaqsan, bu, belə də davam edəcək. Amma yanlışdır. Mütəxəssislə 5 illik müqavilə imzalanmalıdır. Uduzsan da, udsan da işinə davam etməlisən. Həmin inam yalnız Qurban Qurbanova verilib. Hazırda da “Zirə” Rəşad Sadıqova belə şans həvalə edib. Başqa hansı klubumuzda bu cür hal var ki?”.
Qeyd edək ki, veteran futbolçu Vidadi Rzayev daha öncə mətbuata açıqlamasında Gəncə futbolunda xoşagəlməz halların olduğunu bildirib. O, şəraitsizlik səbəbindən yarışlara gedə bilmədiklərini vurğulayıb.
İdman.biz