Rauf Əliyev: “Santuş çox şey deyir, amma düzgün yolda deyilik” – MÜSAHİBƏ

Müsahibə
18 Noyabr 2024 15:08
210
Rauf Əliyev: “Santuş çox şey deyir, amma düzgün yolda deyilik” – MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyevin İdman.biz-ə müsahibəsi

- Yığmamız Millətlər Liqası çərçivəsində Estoniya ilə qolsuz heç-heçə oynadı. Sizcə, qələbə üçün nə çatmadı?

- İlk oyundakı kimi qol epizodlarımız oldu. Fikrimcə, komandada son nöqtəni qoyan çatmırdı. Daha da çox cərimə meydançasına daxil olsaydıq, fərqlənmək şansımız artardı.

- Matçda Mahir Emreli cəza səbəbindən oynamırdı. İsveçlə qarşılaşmada onun dönüşü nə dərəcədə faydalı ola bilər?

- Mahir meydana çıxacağı halda belə İsveçə qarşı şanslar azdır. Amma onunla yanaşı, Renat Dadaşov da estonlara qarşı mübarizə aparsaydı, millimiz daha üstün olardı. İsveç ilə oyunda da kiminsə nəsə edəcəyinə inanmıram.

- İsveçin artıq B liqasına vəsiqəni təmin etməsi matçın taleyinə necə təsir edəcək?

- Onların oyuna rahat çıxacağına inanmıram. Fikrimcə, İsveç matça ciddi yanaşacaq. Yığmamız üçün çox çətin olacaq.

- D liqasına yuvarlanacağımız istisna edilmir. Hazırkı durumu necə dəyərləndirərdiz?

- Aşağı liqaya düşəcəyiksə, bu, fiaskodur. Millimiz bu qrupda xallar qazana bilərdi. D liqasına enəcəyiksə, deməli, orda olan rəqiblərdən seçilmirik. Biz də zəifik. Yaxşı olsaydıq, belə hala düşməzdik.

- Millinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş düzgün yolda olduğumuzu deyir. Bu fikirlə nə dərəcədə razısız?

- O çox şey deyir, amma düzgün yolda deyilik. Belə olmasaydı, D liqasına düşməzdik, xallar qazanardıq. Estonlara hər 2 oyunda qalib gəlmək şansımız vardı, bunu bacarardıq, digər rəqiblərdən də xal almaq mümkün idi. Fikrimcə, hazırkı düzgün yol deyil.

- Bəs düzgün yol hansıdır? Bunun üçün yığmaya Santuşu gətirməyə ehtiyac var idi?

- Nəticələrə baxıb, demirəm. Bundan əvvəl də bildirmişəm ki, bizə müasir, gənc və daha çox yerli məşqçi lazımdır.

- Onda günah məşqçi seçimindədir?

- Əlbəttə, futbolçularda da günah var. Uğursuzluğun səbəblərindən ilki onların istəksizliyidir. Milli komandada can qoymalısan. 2-3 futbolçunun istəyi yığma üçün bəs etmir. Düşərgədə olan 22-24 oyunçunun hər biri belə olmalıdır. Amma bizim matçlarda bunu o qədər də görmək mümkün deyil. Problem birinci futbolçulardan, sonra isə məşqçidən qaynaqlanır.

Emin Ağa
İdman.biz