Aslan Kərimov uğursuzluqda hamını günahkar sayır: Jurnalistlərdən tutmuş futbolçulara kimi - MÜSAHİBƏ

Müsahibə
19 Noyabr 2024 14:19
187
Aslan Kərimov uğursuzluqda hamını günahkar sayır: Jurnalistlərdən tutmuş futbolçulara kimi - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimovun İdman.biz-ə müsahibəsi

- Bu gün Azərbaycan yığması Millətlər Liqası çərçivəsində İsveçin qonağı olacaq. Görüşdən gözləntiniz nədir?

- İsveçlə Estoniyaya qarşı oynadığımız futbolun eynisini sərgiləyə bilməyəcəyik. Bu matça rəqibin hansı heyətlə çıxacağı da bəlli deyil. Evdə oynayırlar, dəyişikliklər etsələr belə hamını əvəzləməyəcəklər. Amma Estoniya kimi geridə oturmayacaqları dəqiqdir. Daha çox hücum edəcək, biz isə ikinci nömrədə - əks-hücumlarda oynamağa çalışacağıq. Bu o demək deyil ki, məğlub olacağıq. Düşünürəm ki, müdafiədə konsentrasiyamızı pozmasaq, əks-hücumda şanslarımız yaranacaq. Estonlar həddən çox geridə oturmuşdular. Belə olduqda da müdafiəni yarmaq asan məsələ deyil. Amma əks-hücumlara çıxmaq sırf sürətlə bağlı olan bir faktordur. Mahir Emreli, Musa Qurbanov və ya Nəriman Axundzadə kimi futbolçular istənilən anda bu kimi epizodlardan istifadə edə bilərlər. Ona görə də az da olsa şansımız var. İsveçi məğlub etmək şansını isə 30 faiz görürəm. Amma təbii ki, favorit rəqibdir.

- İsveçin B liqasına yüksəldiyini nəzərə alsaq, bu amil onlarda arxayınlıq yarada bilər?

- Bir çox Avropa ölkələri bütün oyunlara ciddi yanaşırlar. Ola bilsin ki, hansısa rotasiyalara yol versinlər. Əsas açar futbolçularından bəzilərinə dincəlmək imkanı da verə bilərlər. Az da olsa, heç-heçə ya da qələbə şansımız var.

- Bu matçda Azərbaycan hansı taktiki sistemlə oynasa daha yaxşı olar?

- Sistem olaraq fərq etməyəcək. İstəyir 5-li, istərsə də 4-lü müdafiə. Hərçənd ki, 5-li müdafiə oynamalarının tərəfdarı deyiləm. Önəmli olan həmin düzülüşdə ön xətdə olan futbolçuların müdafiəyə nə qədər kömək etməsidir. Ya da əksinə, top bizdə olarkən nə qədər qüvvə ilə hücumda olacağıq. Hesab edirəm ki, 4-2-3-1 taktiki sxemi ilə oynasaq yetərlidir. Əsas hücum və müdafiədə balansın olmasıdır. Məşqçinin verdiyi tapşırığı tam yerinə yetirmək lazımdır. 5 müdafiəçi ilə meydana çıxıb, cinah müdafiəçilər önə qoşulmayacaqsa bunun heç bir mənası yoxdur. Əminəm ki, baş məşqçi Fernandu Santuş bu barədə fikirləşib. Təxmin edirəm ki, Estoniya ilə oynatdığı sxemdə davam edəcək.

- Fernandu Santuş yerli gənclərə şans verməklə sabahın komandasını yaratmaq istəyir. Onun bunu bacaracağı nə qədər real görünür?

- Əslində kifayət qədər gənc oyunçular var. Milli komandalarda hər zaman yaşlılar gedir, gənclər ön plana çıxır. Amma əsas olan onların öz klubların əsas heyətində oynamasıdır. Nə qədər Santuş Nəriman Axundzadə və ya Musa Qurbanlıya əsas heyətdə yer versə belə, əgər bu 2 futbolçu “Qarabağ”da meydana ehtiyatda çıxacaqsa gəncləşdirmənin heç bir mənası olmayacaq. Yəni, futbolçunun inkişaf etdiyi yer milli komanda yox, klubudur. Düşünürəm ki, burada tək Santuşdan asılı bir şey yoxdur. İstəyini həyata keçirmək üçün gəncləri tez-tez meydana buraxmaq məcburiyyətindədir. Estoniya ilə matçda bunu o qədər də görmədim. Ramil Şeydayevi dəyişib, Nəriman Axundzadəni oyuna daha erkən salmaq lazım idi. Gəncləşdirmək istəyirsənsə, risk etməlisən. Onları meydana buraxmalısan.

- C liqasına yüksələn San Marinonu D liqasında çox güman Azərbaycan əvəzləyəcək. Sizcə, yığmanın bu vəziyyətə düşməsində əsas problem nədir?

- Günahı hamımızın, futbol ictimaiyyətinindir. Jurnalistlərdən tutmuş futbolçulara qədər. Konkret kimisə günahkar çıxartmaq niyyətində deyiləm. Hər kəs gördüyü işi tam etmədiyi üçün bu, baş verib. Ən böyük səbəblərdən biri aşağı yaş qruplarına diqqət ayırmamağımızdır. Estoniyanı səfərdə məğlub etsəydik, heç bu problem üzə çıxmayacaqdı. Hamı deyəcəkdi ki, hər şey yaxşıdır. Bu problem biz C divizionunda qaldığımız zaman da var idi. Amma görünmürdü. Heç kim üçün aşağı yaş qrupları maraqlı deyil. Uşaq futbolu dedikdə, söhbət millilərdən deyil, klublardan gedir. Ən böyük səbəblərdən biri regionlarda demək olar ki, akademiya və infrastrukturun yoxluğudur. Bütün bunların toplumunda nəticə belə olur.

Emin Ağa
İdman.biz

Məqalədə: