Millimiz səfərdə qələbə qazanıb - Medvedev, Mahmudov, Şeydayevin debüt etdiyi oyunlarda

Xəbərlər
19 Noyabr 2024 17:57
136
Millimiz səfərdə qələbə qazanıb - Medvedev, Mahmudov, Şeydayevin debüt etdiyi oyunlarda

Futbol üzrə Azərbaycan millisi özünü elə çətin vəziyyətə salıb ki, bu gün İsveç səfərində qələbə qazanmaqdan başqa yolu yoxdur. Əks halda komandamız UEFA Millətlər Liqasında “futbol cırtdanları”nın yer aldığı D liqasında çıxış etməli olacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi indiyədək rəsmi yarışlar - dünya və Avropa çempionatlarının seçmə mərhələsi, həmçinin UEFA Millətlər Liqası çərçivəsində səfərdə altı qələbə qazanıb.

İlk belə uğurumuz 2009-ci ildə qeydə alınıb. Azərbaycan komandası ikinci hissədə Vaqif Cavadov və Elvin Məmmədovun vurduğu qollar sayəsində Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində millimiz rəqibini qabaqlayaraq, DÇ-2010 seçmə mərhələsində qrupda sonuncu pillədən qurtula bilib. Həmin oyunda komandamızın baş məşqçisi Berti Foqts olub, Maksim Medvedev də ilk dəfə əsas millinin formasını geyinib.

Növbəti səfər qələbəsini yeddi il gözləmək lazım gəlib. Robert Prosineçkinin çalışdırdığı milli San Marinoda yerli komandanı məğlub etməklə həm də DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Oyunda yeganə qolu birinci hissənin sonunda Ruslan Qurbanov vurub – 1:0. Bu qarşılaşma, eyni zamanda, Emin Mahmudov və Ramil Şeydayevin millidə debütü kimi tarixə düşüb. O vaxt sonra evdə Norveçə qalib gəlib (1:0) və səfərdə Çexiya ilə heç-heçə edən komandamız hətta qrupda 2-ci sırada qərarlaşmışdı. Amma uğurlu çıxışın davamını gətirmək mümkün olmamışdı.

Qurban Qurbanovun rəhbərliyi ilə Azərbaycan millisi 2018-ci ildə UEFA Millətlər Liqası çərçivəsində səfərdə Farer adalarına böyük hesabla qalib gələ bilib – 3:0. Qollardan ikisini Riçard Almeyda (birini penaltidən), birini də Dmirti Nazarov vurub.

Səfərdəki sonrakı uğurlar italiyalı məşqçi Canni De Biasinin dövründə reallaşıb. Əvvəlcə millimiz UEFA Millətlər Liqası çərçivəsində 2020-ci ildə Kiprdə 1:0 hesablı qələbəyə sevinib. Maksim Medvedevin birinci hissədə zərbəsi dəqiq olub.
İki il sonra növbəti UEFA Millətlər Liqasında üç xalı Slovakiyada qazanmışıq. Komandamız Ozan Kökçünün debüt etdiyi, Renat Dadaşovun birinci hissənin sonunda və Höccət Haqverdinin 90+5-ci dəqiqədə qol vurduğu oyunda meydan sahiblərinə 2:1 hesabı ilə qalib gəlib və nəticədə qrup ikinci olub.
Nəhayət, 2023-cü il səfərdə Estoniya üzərində 2:0 hesablı qələbə ilə əlamətdar olub. Birinci hissədə Toral Bayramov və penaltidən Ramil Şeydayevin vurduqları qollara meydan sahibləri cavab verə bilməyiblər.

Maraqlıdır ki, bu uğurlu nəticələrdən üçü sentyabrda, digər üçü də oktyabrda qeydə alınıb. Bəs noyabrda ilk rəsmi səfər qələbəsi olacaqmı?

İdman.biz