Zlatan İbrahimoviç İsveç futbolunun inkişaf yolunu göstərib

Xəbərlər
19 Noyabr 2024 21:36
98
Zlatan İbrahimoviç İsveç futbolunun inkişaf yolunu göstərib

Ardıcıl altı Avropa çempionatına qatıldıqdan sonra İsveç millisi seçmə oyunlardakı uğursuzluğa görə Avro-2024-ü buraxmalı oldu.

İdman.biz xəbər verir ki, isveçlilər son dörd dünya çempionatından da yalnız birində - DÇ-2018-də çıxış ediblər, amma onda da 1/4 finala kimi irəliləyə biliblər.

Bizim Azərbaycan futbolunda mövcud olduğunu dediyimiz problemlər, sən demə, Skandinaviya diyarında da varmış. Məşhur Zlatan İbrahimoviç İsveç futbolunu hədəfə alıb. 62 qolla millinin ən məhsuldar oyunçusu elə belə də deyib: "Ölkə futbolu dəyişməlidir, amma köhnə düşüncəli məşqçilərlə deyil".

Aktiv karyerası ərzində iti dili ilə seçilən İbrahimoviç indi də eyni davranışını davam etdirir. Vətənindəki bir televiziya kanalına danışan isveçli sərt açıqlamalar verib.
O, İsveç futbolunun çox köhnəldiyini və bu vəziyyətdə ənənəvi düşüncəli məşqçilərin günahı olduğunu bildirib.
İbrahimoviç deyir: "İsveç futbolunda hər kəs hər şeyi bildiyini düşünür. Amma iş görməyə gəldikdə, hamının qabiliyyəti sıfırdır".
43 yaşlı sabiq futbolçu İsveçdə fərdi oyunçuları inkişaf etdirməkdənsə, kollektivə daha çox diqqət yetirdiklərini düşünür.
Bu sahədə iş görməyə hazır olduğunu vurğulayan İbrahimoviç deyir: "Mən gənclərə təcrübələrimi öyrətmək və onlara öyrəşdiklərindən fərqli şeylər vermək istəyirəm".

İbrahimoviç peşəkar futbolçu karyerasını 2023-cü ildə başa vurub. O, 2001-ci ildə İsveç – Azərbaycan matçında (3:0) iştirak edib və bir dəfə komandamızın qapısına yol tapıb: bu onun millidə ilk qolu olub.

Qeyd edək ki, İsveç FIFA reytinqində 28-ci, UEFA-nın klub reytinqində isə hazırkı mövsümü də nəzərə almaqla 22-ci yerdədir.

İdman.biz