Məğlub milli, ümidsiz sabah - TƏHLİL

Təhlil
20 Noyabr 2024 10:53
729
Məğlub milli, ümidsiz sabah - TƏHLİL

Azərbaycan millisi daha bir turniri, növbəti sınağını arxada qoyub.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasında 2024/25 mövsümünü adəti üzrə uğursuzluqla başa vurub.

C liqasında çıxış edən Fernandu Santuşun komandası öz qrupunu qələbəsiz və sonuncu pillədə yekunlaşdırıb. Ən zəiflərin yer aldığı D liqasına yuvarlanan millimiz artıq Avropanın ən sonuncu 6 komandasından biridir.

Bəs niyə yığmamıza “48-lik”də belə yer yoxdur? Səbəblər, problemlər saydıqca tükənən deyil. Amma ən əsas məsələ futbolçu qıtlığıdır. Bir sözlə, ölkədə yetərincə futbolçu yoxdur.

Santuşdan siqnal: Futbolçu tapmadı
İsveçə 0:6 hesabı ilə uduzduğumuz oyundan əvvəl də futbolçu yoxluğu siqnalı gəlib. Estoniya ilə Qəbələdəki matçdan (0:0) sonra üç futbolçusunu səfərə apara bilməyən baş məşqçi Skandinaviyaya 21 oyunçu ilə yollanıb. Santuş heyətə sonradan çağırmağa - “23-lüy”ü tamamlamağa belə futbolçu tapmayıb. Təbii ki, İsveçə 21, ya 23, lap 30 futbolçu ilə getmək də nəticəni dəyişməyəcəkdi. Lakin “23-lüy”ün natamam qalması birbaşa futbolçu qıtlığının, çatışmazlığının nəticəsidir. “23 futbolçunun olması zəruri deyil” ifadəsi isə sadəcə nağıldır. Əgər oyunçun varsa, niyə texniki zonada oturub milli həyəcanı yaşamasın, yoldaşlarını dəstəkləməsin? Elə son rəqibimiz İsveç millimizlə görüşlər öncəsi heyətə yeni futbolçular çağırmağa ehtiyac duydu. Bizdə isə oyunçu tapılmadı.

Mini seçim
Futbolçu yoxluğu, azlığı ilə barışmayanlar yetərincə olacaq. Amma millimizin əsas mənbəyi olan Misli Premyer Liqasına baxsaq, acınacaqlı duruma şahid olarıq. Cari mövsüm yerli statusu daşıyan cəmi 123 futbolçu meydana çıxıb. Onların da yalnız 53-ü heç olmasa 540 dəqiqə (6 tam oyun) meydanda olub. Baş məşqçi də seçimini əsasən bu 53 oyunçu arasında etməlidir. Düzdür, məcburiyyətdən az oynayanlar, daha çox ehtiyatda qalanlara da dəvət göndərilib. Amma bu addım da məcburən atılıb. Həmin 53 futbolçuya gəlincə, onlar arasında autsayderlər “Kəpəz”lə “Səbail”də, yaxşı günlərini yaşamayan “Neftçi” və “Sumqayıt”da forma geyinənlər də az deyil. Belə görünür ki, Santuşun heyət qurmaq üçün az oynayanlar və zəif komandaların üzvlərinə güvənməkdən başqa yolu yoxdur.

Tək “Qarabağ”lılar yetərli deyil
Futbolçu yoxdur fikri ilə barışmayanlar “Qarabağ”ın Avropa Liqasındakı sabit çıxışını əsas gətirə bilər. Amma Qurban Qurbanovun da ideal heyətində 2-3 yerli futbolçu yer alır. Söhbət rotasiyalara uğramış və Premyer Liqada oynayan heyətdən deyil, Avropa Liqasındakı start “11-lik”dən gedir. Kevin Medina zədəli və ya cəzalı olmadıqda Bəhlul Mustafazadə və Bədavi Hüseynovdan biri “11-lik”də olur. Elvin Cəfərquliyevlə Toral Bayramovun əsas heyətdə yer alması cəzalı və zədəli futbolçularla bağlı olur. Normalda 2-3, maksimum 4 yerli statuslu oyunçu ilə yığmaya böyük dəstək vermək olar. Əlbəttə, 3-4 belə klubumuz olsaydı və hərəsində bu səviyyədə 3-4 futbolçu oynasaydı... Amma reallıq tam fərqlidir. Avropa Liqası səviyyəsində olan yeganə komandamızdan başqa heç bir klubumuz qitəyə çıxa biləcək futbolçuya malik deyil.

2-ci Bundesliqa təsəllisi
Güclü və orta səviyyəli yığmalar legioner həyatı yaşayan, “Böyük beşlik” liqalarında çıxış edən futbolçulara güvənir. Öz çempionatında yetərincə yaxşı oyunçusu olmayan Santuşun əcnəbi seçimi üçün də normal imkanı yoxdur. Ölkə xaricində 5-10 futbolçumuz var ki, onların da çıxış etdiyi klublar orta Avropa səviyyəsindən də qat-qat aşağıdır. HİK, “Daejeon”, “Eqnatiya”, “Bandırmaspor” və ya “Radomyak”ın səviyyəsi heç də “Qarabağ”la digər aparıcı klublarımızdan üstün deyil. Ən yaxşı legionerimiz hesab edilən və hücum xəttinin lideri olmasını gözlədiyimiz Mahir Emreli isə 2-ci Bundesliqada oynayır. Onun “Nürnberq”dəki qollarına nə qədər sevinsək də, normal yığmalar Almaniyanın ikinci dəstəsindən futbolçu çağırmır. Uzağa getməyib son rəqibimiz İsveçə baxsaq, Bundesliqadan “Ayntraxt” və “Sankt Pauli”dən oyunçulara malikdir. Skandinaviyalılara “Böyük beşliy”in bütün liqalarında rast gəlmək mümkündür. Premyer Liqa, Bundesliqa, La Liqa, A seriyası və Liqa1-də isveçli varsa, bizim maksimum 2-ci Bundesliqadır.

Nikbin gələcəyə əsas yoxdur: Yaxşı olmayacaq
Millimizin D liqasına, lap olsaydı, ondan da aşağı yuvarlanmasına da göz yummaq, həzm etmək mümkün idi. Əgər yaxın gələcəkdə bunu aradan qaldıracağımızı düşünməyə əsas olsaydı. Amma aşağı yaş qrupları üzrə millilər nikbinliyə əsas vermir. U-21, U-19 və U-17-nin ardıcıl uğursuzluqları, sonuncu yeri “özəlləşdirməsi” əsas milli üçün yaxşı gələcək vəd etmir. Bu gün futbolçu tapmayan Santuş və ya onun davamçıları sabah da eyni durumla üzləşəcək. İstər Premyer Liqa, istər ölkə xaricində, istərsə də U-21 və digər yığmalarda oyunçu tapılmayan ölkəmizdə I və ya II Liqa istedad olduğunu iddia etmək lap gülünc olar. Düzdür, tariximizdə aşağı liqadan milliyə çağırılan oyunçular olub. Zaur Tağızadə və Mahir Şükürovun 1-ci liqadan yığmaya çağırılması isə istisna hallar idi və çox uzaqda qalıb.

Santuş və ya 2-ci liqa məşqçisi fərq etməz
Uğursuz millinin durumunda baş məşqçi Santuşun da işi müzakirə oluna bilər. Amma yetərincə normal Avropa səviyyəli futbolçusu olmayan yığmada çalışdırıcı işi arxa plana keçir. Əgər Santuş oyunçu tapmırsa, heç nəyi dəyişə bilməz. Belə vəziyyətdə fərqli suallar yaranır. Əgər futbolçu yoxdursa, əcnəbi məşqçiyə nə ehtiyac? Hazırkı durumda və indiki millimizə nə Santuş, nə Pep Qvardiola, nə də Karlo Ançelotti kömək edə bilər. Futbolçusu olmayan yığmada 2-ci liqamızda çalışan məşqçilərdən birinin işləməsi ilə əcnəbinin heç bir fərqi olmayacaq. Oyunçuların azlığı, niyə yetişməməsi isə ayrı və daha böyük, eyni zamanda mübahisəli mövzudur. Hələlik, AFFA, klublar, UGİM-lər hamısı bir-birini qınayır, illər keçir, futbolçu yetişmir. Yeganə başqa yol ölkələrdə yaşayan Quseynovları Hüseynov, Aliyevləri Əliyev etməyə qalır. Belə oyunçularla isə uzağa getmək mümkün deyil. Getdiyimiz ən uzaq yer elə D liqası olacaq. Ondan o yana isə getməyə yer də yoxdur.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: