Əfran İsmayılov OD PÜSKÜRDÜ: “Milli qalıb? Utandım” - MÜSAHİBƏ

Müsahibə
20 Noyabr 2024 13:05
384
Əfran İsmayılov OD PÜSKÜRDÜ: “Milli qalıb? Utandım” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılovun İdman.biz-ə müsahibəsi

- Yığmamız Millətlər Liqasının son turu çərçivəsində İsveçə 0:6 hesabı ilə uduzdu. Oyunu necə şərh edərdiz?

- Şükür etmək lazımdır ki, yaxşı qurtardıq. Rəqib 10, hətta 15 qol da vura bilərdi. Nə demək olar? Nə danışaq? Biabırçılıq idi. Futbol adına heç nə yox idi. Loru dildə desək, İsveçin özü ikitərəfli oynasaydı daha maraqlı olardı. Konkret olaraq, bizi döydülər. Çox acınacaqlı, çox məyusedicidir. Danışmaq olmur, çox çətindir. Milli hamımızındır. Adamın ürəyi ağrıyır. Məsələ odur ki, futbolçular meydanda ürəklərini qoymurlar. Hirslənin, 1 qol vurun, dalaşın... Cərimə meydançasında rəqib istədiyini edirdi. Dünən çox aciz görünürdük. 37 yaşım var, 15-16 yaşımdan millilərdə oynayıram, amma indiyə kimi belə aciz, zəif yığma görməmişdim.

- Amma maraqlıdır ki, oyundan öncə İdman.biz-in keçirdiyi sorğuda yalnız siz komandamıza inamınızı göstərmişdiz. Ümid edirdiz ki, yığmamız İsveçdən 2:1 hesablı qələbə ilə dönəcək...

- Bəli, demişdim ki, millimizin qalib gəlməsini istəyirəm. Çünki mütləq qələbə lazım idi. İsveçə qarşı çətin olacağını hamı bilirdi. Amma belə də yox. Onlar bizə həqiqətən zülm etdilər. İsveç bu qədər güclüdür? İspaniyadır, yoxsa Braziliya? Belə də yox. Milliyə ümidimiz var, sevirik, ürəyimizdir. Hər zaman demişəm ki, hər bir klubdan daha önəmli yığmadır. Bayraq, istək, arzu, o qədər nüanslar var. Ab-hava bizim vaxtımızda tamam başqa cür olurdu. İndi milli qalıb? Nə birlik, nə də xarakter var. Utandım. Üzümü yan tərəfə çevirmişdim.

- Bundan sonra nə etməliyik, hansısa çıxış yolu varmı?

- D liqasına hazırlaşmalıyıq. Baş məşqçi Fernandu Santuş rahat danışdı, istefa da vermir. Özünə hörmət edən məşqçi bu məğlubiyyətlərdən, bu xaldan sonra çıxıb gedər. Santuş yenə deyir ki, qabağımıza strategiya qoyublar, yaxşı olacaq. Kimlə olacaq? Necə olacaq? Ay Santuş, səninlə olacaq, yoxsa oradakı uşaqlarla? Hər şey göz önündədir. Yenə eyni ssenari davam edəcək. Nə dəyişəcək, onu tuta bilmirəm. Yıxılmaq olar, bu problem deyil. Hamı yıxılır. Amma yıxılandan sonra qalxmaq əsasdır. İndi biz necə düzələcəyik, əsas odur. Fernandu Santuşla irəli gedəcəyimizə də inanmıram. Ona verdiyimiz pulun bir hissəsini xarakterli yerli məşqçilərimizə verək, qalanı ilə də stadionlar tikək. Uşaq futboluna da diqqət ayıraq və ondan sonra yavaş-yavaş dirçələk. Ancaq belə qalxmaq olar. Qorxuram ki, D liqasında da belə acınacaqlı məğlubiyyətlər yaşayaq.

- Canni De Byazinin millidə baş məşqçi olduğu dönəmdəki heyəti tariximizin ən yaxşısı adlandırırdılar. Amma o vaxt da nəsə edə bilmədik. Sizcə, komandada hansısa dəyişiklik nəzərə çarpır?

- Bu söhbəti mən bağlamışam, siz də bağlayın. Dediyimin üstündə də qalıram. İndiki uşaqların çoxu bizim vaxtda heç “18-liy”ə düşə bilməzdilər. Hamısı əsas heyətdə oynayır və nəticə də göz önündədir. İstedadları var, oynayırlar, bu başqa şeydir. “Olanımız budur” deyənləri də anlayıram. Amma bu müqayisəyə son qoymaq lazımdır.

- Gənclərə çox şans verilmədiyi də həmişə əsas iradlardan olub. Amma artıq onlara kifayət qədər güvən var. Meydanda olan gənclərin çıxışını necə dəyərləndirərdiz?

- Onların yanında mütləq təcrübəli, xarakterli, komandanı bir yerə yığan, lider futbolçu olmalıdır. Guya bizim hansı gəncimiz var? Onunla nə edəcəyik? Hazırda çalışdığım “Araz-Naxçıvan” klubu Misli Premyer Liqasında 2-ci sıradadır. Danışanda da deyirlər ki, milliyə tapşırılan futbolçuları çağırırlar. Sual verirəm, Bəxtiyar Həsənalızadə, Ömər Buludovu niyə dəvət etmirlər? Qara Qarayev 4 ay futbol oynamadıqdan sonra Naxçıvan klubuna gəldi və ən yaxşılardandır. Onu niyə komandaya çağırmırlar? Təkrar edirəm, təkcə gənclərlə heç nə etmək olmaz. Mütləq onların yanında təcrübəli olmalıdır.

- Bəs millinin sabahı ilə bağlı fikirləriniz necədir?

- Yığmamızın gələcəyi haqqında heç nə deyə bilməyəcəm. Danışdıqca əsəbiləşirəm, pis oluram. Yığma komanda hər zaman bizim gözümüzün bəbəyidir. Nə olursa olsun, həmişə də belə qalmalıdır.

Emin Ağa
İdman.biz