AFFA milliyə legioner tərcüməçi gətirib

Xəbərlər
21 Noyabr 2024 10:26
410
AFFA milliyə legioner tərcüməçi gətirib

Qulaq gündə bir söz eşitməsə, kar olar. Bu ifadə əbəs yerə deyilməyib. Eşidəndə ki, AFFA milli komandamıza ölkə xaricindən tərcüməçi gətirib, təəccübləndim. Necə də təəccüblənməyəsən axı? Legioner baş məşqçi, legioner futbolçu, lap legioner həkim də eşitmişdik, amma legioner tərcüməçi ilk dəfədir eşidirik. Yəqin ki, bu, dünya futbolunda da siftədir.

Xeyr, bu, nə zarafatdır, nə də bu gün aprelin 1-dir. Həqiqətən də AFFA millimizə əcnəbi tərcüməçi cəlb edib - Fatih Nar. Türkiyəli arkadaşımızın “Beşiktaş”da çalışdığı deyilir. Böyük ehtimalla, daha əvvəl Fernandu Santuş İstanbul klubunun baş məşqçisi olarkən birgə işləyiblər. İndi də cənab Santuş Narı milli komandamızda görmək istəyib. Fatih arkadaş da Estoniya və İsveçlə oyunların hazırlığı zamanı millimizin düşərgəsində olub, məşqlərdə iştirak edib, qarşılaşmalar zamanı ehtiyat oyunçular skamyasında yer alıb.

Bilmirsən, güləsən, ya ağlayasan... AFFA kimi qurum aylardır milli komandamızın baş məşqçisinə tərcüməçi tapa bilmir. Mətbuat konfraslarında portuqaliyalı mütəxəssisin yanında daha əvvəl “Qarabağ”da çalışan Elvar Quliyevi, “Zirə”dən Nicat Şıxəliyevi görmüşdük. Millətlər Liqasındakı son 2 matçda isə “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev Santuşla birgə mətbuat önünə çıxmışdı. İstər Elvar, istər Vüqar, istərsə də Nicat illərdir Azərbaycan futbolundadırlar və hər üçü də işinin peşəkarıdır. Bu halda legioner tərcüməçiyə nə ehtiyac var? Hətta o, qardaş Türkiyədən olsa belə.

Həm də maraqlıdır, Aleksey İsayev, Bədavi Hüseynov, Anton Krivotsyuk Fatih Narın tərcümələrini necə başa düşüblər? Yoxsa daha bir nəfər də türkiyəli tərcüməçinin fikrini rus dilinə çevirib? Bir sözlə, komediyadır. Bilmirsən güləsən, ya ağlayasan. Heyif millimizdən, heyif...

Mənbə: Futbolxeber.az

İdman.biz

Məqalədə: