“Ötən tur səfərdə “Səbail”lə ağır görüş keçirdik. Premyer Liqa elədir ki, bütün komandalar bir-birindən xal ala bilir. Sonuncu yerdə gedən komandanın liderdən xal qazanmasının şahidi də olmuşuq”.
İdman.biz xəbər verir ki, bu sözləri Apasport.az saytına açıqlamasında Şəhriyar Əliyev deyib.
“Turan Tovuz”un kapitanı növbəti turla bağlı fikirlərini bildirib: “Sabah”la doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Buna baxmayaraq, çox ağır matç olacaq. Rəqibimiz ölkə çempionatının ən güclü komandalarından biridir. Hətta deyərdim ki, hücum xəttinə görə ən güclüsüdür. Müdafiədə də etibarlı oynayırlar. Həm avrokubokda, həm də Premyer Liqada çox yaxşı çıxış etdilər. Çətin olacaq, lakin uğurlu nəticə qazanmağa çalışacağıq”.
Təcrübəli futbolçu komandanın ümumi durumunu dəyərləndirib: “Milli fasilədə həm zədəlilərimiz geri döndü, həm də oyun formasını bərpa etdik. Analizlərimizi də yenidən nəzərdən keçirdik. Hər keçən gün daha güclü olmağı hədəfləyirik. Artıq Yunis Hüseynov da komandamıza qoşulub, öz təcrübəsini futbolçulara ötürməyə çalışır. Hər kəs uğur qazanmaq üçün bacardığını edir”.
Əliyev kuboku çempionata qurban verməyəcəklərini bildirib: “Həm çempionatda, həm də kubokda oynamaq üçün geniş heyətin olmalıdır. Düşünmürəm ki, biz hansınısa qurban verək. Məqsədimiz hər iki turnirdə uğur qazanmaqdır. Sona qədər mübarizə aparacağıq”.
O, Azərbaycan yığmasının durumu barədə də danışıb: “Millinin məğlubiyyəti hər birimizə təsir edir. Heç birimiz istəməzdik ki, D Liqasına düşək. Estoniyaya səfərdə məğlub olmuşduq. Lakin düşünmürəm ki, pis oynamışdıq. Sadəcə şanslarımızdan istifadə edə bilməmişdik. Eynilə də evdəki oyunda rəqibdən çox üstün idik. Yığmada oynasaq da, oynamasaq da hər birimiz məyusuq. Bu vəziyyətdən çıxmaq lazımdır. Bunun üçün də hər kəs əlini daşın altına qoymalıdır. Futbolumuzun daha yaxşı yerlərə gəlməsi üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, “Turan Tovuz” Misli Premyer Liqasının XIV turunda “Sabah”la qarşılaşacaq. Görüş noyabrın 24-də Tovuz şəhər stadionunda baş tutacaq.
İdman.biz