Frank De Bleker Misli Premyer Liqasında mübahisəli epizodlara aydınlıq gətirib

Xəbərlər
25 Noyabr 2024 17:39
88
Frank De Bleker Misli Premyer Liqasında mübahisəli epizodlara aydınlıq gətirib

Misli Premyer Liqasının XIV turunun oyunlarında yaşanan mübahisəli epizodlara aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker bu vəziyyətləri qurumun mətbuat xidmətinə şərh edib.

O, öncə “Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşmasına (0:2) toxunub: “Oyundankənar vəziyyət səbəbindən 8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi”.

De Bleker “Səbail” – “Qarabağ” matçındakı (0:3) penalti epizoduna da aydınlıq gətirib: “90+3-cü dəqiqədəki epizodda hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in 36 nömrəli futbolçusunun (Azad Əsgərov) “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi”.

AFFA rəsmisi “Neftçi” – “Zirə” görüşündə (2:1) hesaba alınan qolla bağlı mübahisələrə də son qoyub: “68-ci dəqiqədə “Neftçi”nin qolu təsdiq edildi, çünki hücüm zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qolu təsdiqlədi”.

“Turan Tovuz” – “Sabah” matçında (1:1) mübahisəli epizod görməyən mütəxəssis “Sumqayıt” – “Şamaxı” (2:1) qarşılaşmasındakı penalti epizodunu da şərh edib: “74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydanında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın 8 nömrəli oyunçusunun (İlkin Muradov) əlinə dəydi. Oyunçunun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur”.

İdman.biz

Məqalədə: