“Sabah”ın idman direktoru: "Berezutskinin özünü sübut etmək üçün yaxşı şansı var"

Xəbərlər
26 Noyabr 2024 16:18
86
“Sabah”ın idman direktoru: "Berezutskinin özünü sübut etmək üçün yaxşı şansı var"

Vasili Berezutskinin özünü sübut etmək üçün yaxşı şansı var.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında "Sabah" klubunun idman direktoru İqor Ponomaryov rusiyalı mütəxəssis Vasili Berezutskinin komandaya baş məşqçi təyin olunması ilə bağlı danışarkən deyib.

Klub rəsmisi əvvəlcə komandanın xorvatiyalı sabiq baş məşqçisi Krunoslav Renduliçin istefasına münasibət bildirib:

“Hamımız inanırdıq ki, vəziyyət düzələcək, xal itkiləri sona çatacaq. Tovuzdakı xal itkisi ilə ikinci pillədəki “Araz Naxçıvan”la xal fərqi 14-ə çatdı. Odur ki, bunun hansı müddətdə edilməsi və ya ümumiyyətlə edilib-edilməməsi ilə bağlı fikir bildirmək çox çətindir. Artıq qərar verilib. İndi yalnız irəli baxmalı və hər şeyin yaxşı olacağına ümid etməliyik”.

İ.Ponomaryov yeni baş məşqçinin “Sabah”dakı fəaliyyətinin uğurlu olacağına inanır:

"Niyə Berezutski? Niyə də olmasın? Klub prezidentinin də dediyi kimi, hər bir baş məşqçi nə vaxtsa, haradasa işə başlayıb. O, futbolçu karyerası ərzində Rusiya millisinin əsas üzvlərindən və ölkəsinin ən yaxşı baş məşqçilərindən birinin köməkçisi olub. İndi isə baş məşqçi kimi fəaliyyətə başlayır və özünü sübut etmək üçün yaxşı şansı var. İnanıram ki, Berezutskinin “Sabah”dakı fəaliyyəti uğurlu olacaq. Ona və komandamıza uğurlar arzu edirəm”.

Qeyd edək ki, Vasili Berezutski ötən gün “Sabah"ın baş məşqçisi təyin olunub. Onunla 2,5 illik müqavilə imzalanıb. Komanda hazırda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci pillədə yer alıb.

İdman.biz