“Vasili Berezutski futbolçu kimi əla karyeraya malik olub. Rusiya yığmasında 100-cü oyununu da mənim dövrümdə keçirib”.
Bunu İdman.biz-ə eksklüziv açıqlamasında Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov deyib.
Təcrübəli rusiyalı mütəxəssis həmyerlisi Vasili Berezutskinin “Sabah”ın “sükanı arxasına” keçməsinə münasibət bildirib. Çerçesovun sözlərinə görə, vaxtilə rəhbərliyi altında Rusiya millisində oynamış Berezutski üçün “Sabah” yaxşı tramplin olacaq: “Mən yığmaya gələndə, Vasili komandanın kapitanı idi. Onunla bağlı müsbət təəssüratlarım var. O vaxt mənə də karyerasını bitirəndən sonra məşqçi olacağını demişdi. Leonid Slutskinin yanında çalışıb, yəqin ki, ondan çox şey öyrənib. Legioner məşqçi kimi onunla Niderland və Çin klublarında da işləyib. Yəni yaxşı təcrübə toplayıb. Fikrimcə, “Sabah” ona uğurlu karyera qurmaq üçün yaxşı tramplin olacaq”.
Qeyd edək ki, Çerçesov 2016-cı ildə Rusiya millisini çalışdırmağa başlayanda futbolçu Vasili Berezutski yığmada son üç oyununu keçirib.
Rasim Mövsümzadə
İdman.biz