“Nə vaxtsa özün başlamalısan. Təcrübə topladı, Leonid Slutskinin köməkçisi oldu”.
İdman.biz xəbər verir ki, bunu rusiyalı futbol agenti Aleksey Safonov deyib.
O, həmyerlisi Vasili Berezutskinin “Sabah”ın baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bildirib: “Elə xarakterə malik insanlar var ki, daim ikinci məşqçi kimi çalışırlar və bu onları qane edir. Düşünürəm ki, Vasilidə alınmalıdır, o, iddialıdır. Berezutski məsuliyyəti üzərinə götürmək istəyir. O qədər zaman oynayıb, o qədər məşqçisi olub. Valeri Qazzayevin, Viktor Qonçarenkonun, Leonid Slutskinin, Artur Jorjenin və daha kimlərin məşq prosesini görüb. Yəqin ki, nələrsə toplayıb. Onun konspekt tutub-tutmadığını bilmirəm, amma müqayisə etməyə, özününkünü seçməyə nələrsə var. İstənilən məşqçi futbola özəllik gətirir. Kimisə axmaq şəkildə təkrarlamaq düzgün deyil. Düşünürəm ki, Berezutski “Sabah”a özəllik əlavə edəcək. Məşqçi üçün bəxt də zəruridir. Elə olur ki, hər şeyi düz edirsən, son dəqiqələrdə toplar buraxılır. İnşallah, onun bəxt də yanında olar”.
Qeyd edək ki, Vasili Berezutskinin “Sabah”da debütü noyabrın 29-da “Səbail”lə görüşdə gerçəkləşəcək.
İdman.biz