Vüqar Nadirov: “Lion”da son yaşananlar oyunlarına təsir edəcək”

Xəbərlər
27 Noyabr 2024 19:28
90
Vüqar Nadirov: “Lion”da son yaşananlar oyunlarına təsir edəcək”

“Əgər oyuna istədiyimiz kimi başlasaq, qələbə də qazana bilərik”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov deyib.

Veteran futbolçu Avropa Liqasında Azərbaycan çempionunun “Lion”la oyununu dəyərləndirib. O bildirib ki, sabiq klubuna inanır: “Matçda şansları 50-nin 50-ə dəyərləndirirəm. Quban Qurbanov nə edəcəyini yaxşı bilir. Komandanın öz sistemi var. Bu səbəbdən də Ağdam klubuna gələn hər bir futbolçu asanlıqla kluba alışır. Əminəm ki, komandamız bu matça da çox yaxşı hazırlaşacaq. Həm də bu, pley-offa yüksəlməsi üçün son şanslardandır. Bunun üçün onlar əlindən gələni edəcəklər. “Lion”da son yaşanan hadisələr, sanksiyaların tətbiq olunması komandaya təsir edəcək. Belə hallar hər zaman klublarda mənfi nəticələrə səbəb olur. Amma rəqibdə çox təcrübəli oyunçular formalaşıb. Fransa klubları hər zaman atletik, dözümlü futbol oynayırlar. Hesabda geri və ya öndə olmaqları fərq etmir. Sona qədər mübarizə aparırlar. Bu görüşdə də biz bunun şahidi olacağıq”.

“Şəmkir”in baş məşqçisi Avropa Liqasının 2014/15 mövsümündə “Qarabağ”ın heyətində digər Fransa klubu “Sent-Etyen”ə qarşı oynadığı matçı və vurduğu qolu da yada salıb: “O vaxt qarşılaşdığımız “Sent Etyen” indiki “Lion”dan güclü idi. Biz hətta onlara qalib gələ bilərdik. Səfərdə 1:1, evdə isə 0:0 hesablı heç-heçə etdik. Fransada vurduğum qolu çox yaxşı xatırlayıram. Çoxları deyir ki, bəxtin gətirdi. Bunu deyənlərə hər zaman bildirmişəm ki, futboldan anlayışınız varsa, həmin epizoda bir də baxın. Top mənə gələrkən görün hansı hərəkətləri edirəm. Mən qapıçının öndə olduğunu top mənə çatmamışdan görmüşdüm. Bundan sonra topu onun başı üzərindən qapıya göndərdim”.

Qeyd edək ki, “Qarabağ” - “Lion” matçı noyabrın 28-də saat 21:45-də start götürəcək.

Emin Ağa
İdman.biz