"Qarabağ"ın veteran futbolçusu Artim Şakiri Sportal.az saytına müsahibə verib.
İdman.biz xəbər verir ki, Şimali Makedoniya futbolunun əfsanəsi bu gün Avropa Liqasının 5-ci turu çərçivəsində "Lion"a qarşı keçiriləcək görüşdə Ağdam klubunun şanslarını yüksək qiymətləndirib.
- “Qarabağ” bu gün “Lion”la qarşılaşacaq. Bu görüşdə Azərbaycan çempionunun şanslarını necə qiymətləndirirsən?
- Düşünürəm ki, "Qarabağ"ın bu gün “Lion”a qalib gəlmək üçün çox yaxşı şansı var. Amma təbii ki, bunu meydana çıxacaq oyunçular reallaşdırmalıdır. Oyun çox çətin və ağır olacaq. Çünki “Lion” özü də çox güclü komandadır. Lakin mən “Qarabağ”a çox güvənirəm.
- “Qarabağ” bundan əvvəlki turda “Bodo-Qlimt”ə qalib gəlmişdi. Yəqin ki, bu qələbə “Qarabağ”a böyük motivasiya verib?
- “Qarabağ” Premyer Liqada da uğurlu çıxış edir. Avrokuboklarda da qələbə qazandılar. Fikrimcə, onlarda motivasiya sarıdan heç bir problem yoxdur. “Qarabağ” Azərbaycan Premyer Liqasında çox uğurlu çıxış edir. Bunun da nəticəsində illərdir ki, çempion olurlar.
- “Qarabağ”ın əsas oyunçuları Marko Veşoviç zədəsini tam sağaldıb, ötən turda vərəqə cəzalısı olan Julio Romao da oynaya biləcək. Ümumiyyətlə, Veşoviçin yoxluğu əvvəlki avrokubok oyunlarına nə dərəcədə təsir etdi?
- Həmişə və hər bir klub komandaya kömək etmək üçün istənilən vaxt istənilən mövqeni əvəz edə bilmək baxımından 25-dən çox oyunçu alır. “Qarabağ”da da oyunçu sayı az deyil. Doğrudur, aparıcı oyunçular çoxdur. Amma komandada rotasiya üçün futbolçular da var. Onlar da meydana çıxanda digərlərini əvəzləyə bilir.
- Azərbaycan çempionu pley-off şansı verən "24-lük"dən bir xal geri qalır. Onların mərhələ adlayacağına inanırsan?
- Komanda hazırda 29-cu pillədədir. Amma “Qarabağ”ın pley-offa çıxacağına inanıram. Çünki onların buna gücü çatar. Sadəcə ilk turlarda şanssızlıq nəticəsində komanda xalsız qalmışdı. Bundan sonrakı görüşlərdə də “Qarabağ”ın uğurlu nəticələr qazanacağına ümid edirəm.
- “Qarabağ” yeni formatlı Avropa Liqasına uyğunlaşmaqda çətinlik çəkdi, yoxsa bu daha uğurludur?
- Təkcə "Qarabağ" üçün yox, bütün komandalar yeni formata uyğunlaşmaqda çox çətinlik çəkirlər. Hər halda, bu da anlaşılandır. Çünki illərdən sonra yeni formata keçdilər. İstənilən halda, ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”ın da xallar toplayaraq uğurlu çıxışa keçəcəyinə inanıram.
İdman.biz