Adnan Əhmədzadə Azərbaycanın bu klubuna rəhbərlik edəcək

Xəbərlər
28 Noyabr 2024 14:19
90
Adnan Əhmədzadə Azərbaycanın bu klubuna rəhbərlik edəcək

Tanınmış iş adamı, SOCAR-ın sabiq əməkdaşı Adnan Əhmədzadə peşəkar futbola gətirilir.

İdman.biz Prosport.az-a istinadən xəbər verir ki, beynəlxalq futbol aləmi ilə, xüsusən İspaniyanın "Barselona" klubu ilə yaxşı əlaqələri olan Əhmədzadə yanvardan etibarən I Liqada çıxış edən "Mingəçevir" klubunun rəhbərliyi postunda olacaq.

Braziliyalı dünya çempionu Ronaldinyu və "Barselona"nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirmiş, argentinalı dünya çempionu Lionel Messi ilə dostluq əlaqələri olan şəxs artıq özünü peşəkar futbolda sınamaq istəyir. Əhmədzadənin əsas məqsədi "Mingəçevir"i dirçəltmək, bu şəhərdə peşəkar futbolu inkişaf etdirmək, klubu əvvəlki əzəmətinə qaytarmaq olacaq.

Bu səbəbdən də İqtisadiyyat Nazirliyində Aparat rəhbəri işləyən, Mingəçevirdən olan Ayaz Əliyev daha kluba rəhbərlik etməyəcək. Həmçinin, onun sinif yoldaşı Nurlan Əhmədovun da İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.

Klubun yeni adı isə böyük ehtimalla, ASTA və ya "ASTA-Mingəçevir" olacaq. ASTA Əhmədzadənin Azerbaijan Sport Talents Academy mənasını verən uşaq futbol məktəbinin adıdır. Məhz "Barselona" ilə yaxşı əlaqələrinin olması səbəbindən bu il ASTA-dan bir neçə azərbaycanlı uşaq hazırda "Marset" Akademiyasında təhsil alır.

Həmçinin, hazırda AFFA-nın keçirdiyi aşağı yaş qrupu üzrə liqalarda yarışan ASTA futbolçularının "Mingəçevir" klubunun balansına veriləcəyi gözlənilir.

Adnan Əhmədzadə Gənclər və İdman Nazirliyinə məxsus Mingəçevir şəhər stadionunu da uzun müddətə icarəyə götürmək və buradakı infrastrukturu daha da mükəmməlləşdirmək niyyətindədir.

İdman.biz