"Rəqibin ustalıq səviyyəsi yüksək idi".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının V turunda "Lion"a 1:4 hesablı məğlubiyyəti şərh edib: "Azarkeşlərə təşəkkür edirəm ki, belə havada bizə sonadək dəstək oldular. Üzücü hesab qeydə alındı. İkinci hissəsinin ortasında komandada boşluqlar yarandı və rəqibin hücumlarının qarşısını ala bilmədik. Ümumilikdə oyundan razı qaldım. Çünki rəqibin güclü olmasına baxmayaraq, əlimizdən gələni etdik. Düşünürəm ki, hesab oyuna görə deyildi. İkinci qol sadəcə texniki səhv idi. Hər iki qoldan əvvəl biz fərqlənməli idik, əvəzində rəqib bizi cəzalandırdı. Deməli, bu gün məğlub olmalıymışıq".
- Üç oyunumuz qalıb. Pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Şanslar hələ qalıb. Yəqin siz də hiss edirsiniz ki, rəqiblərimiz bizə ciddi yanaşır, üstəlik rəqiblərin də ustalıq səviyyəsi yüksəkdir. Biz bunu etiraf etməliyik. Məsələn, keçən dəfə "Səbail"lə oyunda süni örtükdə oynayırdıq. Meydançanı suladılar. Topun getməsi oyunun sürətini aşağı saldı. Hakim də belə matçlarda oyunu çox saxlayır. Ancaq bizim daha yaxşı oyunlarımız olub. Mən çempionatımızdakı oyunları heç vaxt məğlubiyyətimizdə səbəb göstərmirəm. Ancaq Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. İstənilən halda biz sona kimi mübarizə aparacağıq.
- Juninyonun bugünkü performansından razı qaldınız?
Juninyonun performansından razı qalmadığımı deyə bilmərəm. Rəqibin oyunçularına da baxmaq lazımdır. Penaltini saymasaq, o, 4 yüz faizli qol epizoduna girdi. Bir hücumçu üçün belə komandaya qarşı bunu etmək az deyil.
- Çox vaxt Yassin Benzianı əvəz etmirsiz. Amma bu gün elə olmadı. Bu, nə ilə bağlı idi?
- Gedişata görə bunu etməli olduq. Oyun əldən getmişdi. Sürətə ehtiyac vardı. Ona görə Addaini buraxdıq.
- Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiz. Bu kimi məğlubiyyətlərdən sonra oyunçuları danlayırsızmı? Hansısa cərimələr tətbiq edirsinizmi?
- Biz fərqli gözlə baxırıq. Ancaq futbol haqqında o qədər detallar var ki. Bir məşqçi kimi bunları sizin qarşınızda açıqlamağım düzgün olmaz. Bəli, cərimələr də olub, yeri gələndə qalib gəldiyimiz oyunda da narazılıq bildirmişəm. Ancaq söhbət konkret olaraq bu oyundan gedirsə, narazılıq eləmədim. Siz rahat olun, lazım gələndə cərimələr də olur. Hər bir halda futbolçularıma təşəkkür edirəm ki, illərdir, minimum bu səviyyəni qoruyub saxlaya bilirik. Bizim rəqiblərimiz "Ayaks", "Tottenhem", "Lion" kimi güclü komandalardır.
Ancaq biz onlara qarşı çəkinmədən mübarizə aparırıq. Qoyun, belə risklərə gedək. Bu gün futbol tam başqa səviyyədədir. Mən istəyirəm ki, futbolçularım cəsarətli olsun. Əgər biz qorxaq futbol oynasaydıq, "Qarabağ" olmazdıq. Narahat olmayın, hər tərəfdən futbolçular idarə olunur.
- Top-5 ölkələri ilə fərqimizdən danışdınız. Bu gün Gürcüstan millisinin üzvünün dubl etdiyini gördük. Sizcə, nə vaxtsa, azərbaycanlı hücumçu "Qarabağ"ın əsas hücumçusu kimi meydana çıxa bilərmi?
- Bunu zaman göstərər. Gürcüstanın prinsipi belə futbolçuları bu cür klublarda oynatmaqdır. Allah qoysa, bizdə də belə olar.
- Kevin Medinanın ikinci qoldakı səhvi həlledici oldu. Kevinin oyunu haqda nə deyə bilərsiniz?
- Əgər 100 faiz oyuna hazırlaşırsansa, matçda problemin olacaq. Üstəlik, belə komandalara qarşı çətindir. Beyin yorulanda, düzgün qərar qəbul edə bilmir. Gördüyünüz kimi, oyun da açıq getdi. Şəxsən mən matçdan həzz aldım. İkinci və üçüncü qol oyunun tempini aşağı saldı. Ola bilər ki, çox istəkli olmaq belə səhvlərə gətirib çıxarır. Kevin təcrübəli oyunçudur, diqqətli olmalıdır. Avrokuboklarda belə səhvlərin sayı çoxdur. Kimisi bundan istifadə edir, kimisə də yox.
Aytac Sahəd
İdman.biz