Yenə də oyun və statistikada üstünlük “Qarabağ”a kömək etmədi. Rəqəmlər tablosu ilə hesab tablosu fərqli ziddiyyətli oldu. Bu, rəqibin nəticəyə köklənən oyununun ona lazım olan sonluğa peşəkarlığı sayəsində çatdırılmasına gətirib çıxardı.
İdman.biz Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Qarabağ” – “Lion” matçına rəqəmlər pəncərəsindən baxıb.
Ağdam klubunun güclü rəqiblə oyunda üstünlüyünü topa sahibolma göstəriciləri də nümayiş etdirir. Adlı-sanlı Fransa klubuna qarşı 57 faizin 43 faizə nisbəti kifayət qədər böyük göstəricidir.
Komandamızın 62 hücumuna rəqib 42 hücumla cavab verdi.
Qol sayında 4-qat üstünlüyə malik “Lion” zərbə sayında 14:16 uduzdu. Ancaq zərbələrin keyfiyyətini qol sayı ilə yanaşı, qapı çərçivəsinə gedən topların sayı da göstərdi. Rəqibin 8 zərbəsi, yəni 57 faiz qapıya yönəldi. Komandamızın 5 belə zərbəsi isə cəmi 31 faiz deməkdir. Hədəfdən yayınan zərbələrin sayı bizdə 7, qonaqlarda 4 oldu. Hücumların məntiqi sonluğuna komandamızda 2, qarşı tərəfdə isə 4 dəfə blok mane oldu.
Künc bayrağına futbolçularımız 5, rəqibləri 3 dəfə yaxınlaşdılar. Ofsayd bayrağı isə 3 dəfə “Qarabağ”ın, 2 dəfə “Lion”un hücumunda qaldırıldı. Sərbəst zərbələrdə üstünlük “Köhlən atlar”dadır 16-14.
Komandamız ötürmə sayında və dəqiqliyində üstünlüyə malik idi. Ağdam futbolçularının 478 ötürməsinin 407-dəki dəqiqlik 85 faiz deməkdir. Fransalılarda isə 365-dən 300-ü, yəni 82 faizi dəqiq oldu.
Futbolçuların meydanda hərəkətliliyində “Qarabağ”lıların cüzi üstünlüyü vardı. Meydan sahibləri yaşıl sahədə 112, qonaqlar isə 111,1 km hərəkət ediblər.
Ağdam futbolçuları topu rəqibdən 16 dəfə aldığı halda, fransalılar bunu 15 dəfə ediblər.
Qapıçı seyvləri hər iki tərəfdə 4 dəfə olub.
Qayda pozuntularına “Qarabağ” futbolçuları 8, lionlular 15 dəfə yol veriblər.
Bütün bu göstəricilərin qarşılığında yenə də sonda tabloda 1 və 4 (1:4) rəqəmlərinin olması üzücüdür.
Vüqar Məmmədov
İdman.biz