“Karvan”ın baş məşqçisi: “Hakim orada söyülməli deyil, hətta döyülməliydi” - VİDEO

Xəbərlər
29 Noyabr 2024 13:26
592
“Karvan”ın baş məşqçisi: “Hakim orada söyülməli deyil, hətta döyülməliydi” - VİDEO

“Xarakter göstərib, əzmkar mübarizə apardıq. Futbolçularımın çəkdiyi əziyyət heyf oldu. Haqqımızı yedilər”.

Bunu İdman.biz-ə futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan “Karvan”nın baş məşqçisi Kənan Kərimov deyib.

48 yaşlı mütəxəssis VIII turda evdə “Qəbələ”yə 0:1 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, uduzmalarının əsas səbəbkarı hakimləri olub: “Karvan” “Qəbələ”yə yox, hakimlərə uduzdu. Baş hakim Tural Qurbanov oyunu qeyri-peşəkar səviyyədə idarə etdi. Niyyəti artıq ilk dəqiqələrdən bəlli idi. Kiçik follar verə-verə komandanı “sındırmağa” çalışırdı. Haqqımızı yedi. İki 100 faizli penaltimizi vermədi. Əksinə, haqsız qapımıza cərimə zərbəsi təyin etdi ki, sonluq da qolla nəticələndi. Tural kimi hakimlər bu işdə artıq “peşəkarlaşıblar”. Gördü ki, “Qəbələ” qol epizodları yarada bilmir, əks istiqamətə veriləsi folu bizim qapımıza təyin etdi”.

O, AFFA-dan belə idarəçiliyə diqqətlə yanaşılmasını da xahiş edib: “Belə təyinatları kimin etdiyini bilmirəm. Amma istədikləri komandanı məhv edib, sındırırlar. Həm günahkardırlar, həm də güclü! İnanmıram ki, “Qəbələ” belə hakimlərin ümidinə qalsın. Qoy kim güclüdürsə, o da qalib gəlsin. Referilər şou göstərirlər”.

“Karvan”nın çalışdırıcısı oyundan sonra azarkeşlərin hakimə qarşı etirazlarına da münasibət bildirib: “Bəli, oyundan sonra böyük etiraz oldu. Stadiona bizi dəstəkləmək üçün çoxsaylı azarkeşlər gəlmişdi. Onlar üçün də hakimin kobud səhvləri və komandanın haqqının yeyilməsi üzücü idi. Ev oyunlarımız olub ki, uduzsaq da, heç bir hakimə etiraz bildirməmişik. Uşaqdan böyüyə kimi hər kəs referinin niyyətini açıq şəkildə görürdü. Buna görə niyə də etiraz etməsinlər? Hakim orada söyülməli deyil, hətta döyülməliydi”.

Kərimovun sözlərinə görə məğlubiyyət onları ruhdan salmayacaq və sona qədər mübarizə aparacaqlar: “Dünənki oyundan sonra əhval-ruhiyyəmiz yaxşı deyil. “Cəbrayıl”a da evdə məğlub olduq. Amma hakim haqda heç bir fikir bildirmədim. MOİK-lə görüşdən bu qərəz başlayıb. Həmin matçın 85-ci dəqiqəsində qapımıza biabırçı penalti təyin olunmuşdu. Dünənki görüşdə də istəklərinə çatdılar. Amma bundan sonra əlimizi yanımıza salıb oturmayacağıq. Sona qədər mübarizə aparacağıq. Haqsızlığa qarşı danışacağıq. “Qəbələ”nin bu gün hakimlərin köməyinə o qədər ehtiyacı var ki, onlara yardım edirlər? Aydın məsələdir ki, Qəbələdəki şərait hər bir klubun bazasından yaxşıdır. Hakimlərə səslənirəm, kim güclüdür, kim çempionluğu haqq edir, o da qazansın. Heç kimə kömək etməsinlər”.

Baş məşqçi Yevlax Şəhər Stadionunun ot örtüyünün yararsız vəziyyətə düşməsinə də toxunub: “İki gün öncə dayanmadan yağış yağmışdı. Bu səbəbdən də ot örtüyü o vəziyyətdə idi. Biz qazonu qorumağa çalışırıq. Qış gəlib. Bəzi işləri bu səbəbdən görmək olmur. Yayda ot örtüyünü yaxşılaşdırmaq üçün klub rəhbərliyi əlindən gələni edəcək”.

Qeyd edək ki, VIII turdan sonra “Qəbələ” 20 xalla turnir cədvəlinin lideridir. Onlardan 2 xal geri qalan “Karvan” isə ikincidir.

Emin Ağa
İdman.biz