“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev Futbolxeber.az saytına müsahibə verib.
İdman.biz xəbər verir ki, təcürbəli futbolçu yeni komandasına uyğunlaşdığını bildirib.
- Azərbaycan Premyer Liqasının XV turunda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- Oyun çətin keçdi. Ağır komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, qalib gəldik. Bizim üçün önəmli o idi.
- Bu qələbə sayəsində üçüncü pillədən artıq 9 xal öndəsiniz...
- Komanda olaraq xal fərqini fikirləşmirik. Sadəcə hər oyuna qələbə üçün çıxırıq. Bu, bizim motivasiyamızdır. Onu pozmamalıyıq. Komanda olaraq ən böyük üstünlüyümüz də xalları, fərqi fikirləşməməyimizdir. Yalnız hər növbəti matçı düşünürük.
- Qarşıdakı həftə həm kubok, həm də çempionat oyunu var. Fiziki baxımdan çətin olmayacaq?
- Hazırlaşacağıq. Kubok matçında ola bilər ki, heyətdə rotasiya olsun. Amma biz hər iki turnirə ciddi yanaşırıq. Rəqibin fərqi yoxdur. Kubokda rəqibimiz I Liqa təmsilçisi “Mingəçevir” olsa da, motivasiyamızı pozmayaraq, qalib ruhunu davam etdirməliyik.
- “Turan Tovuz”u məğlub etməklə həm də qış fasiləsinə minimum ikinci yerdə yollanmağı təmin etdiniz. Bu məqam komandada arxayınçılıq yaratmayacaq?
- Xal fərqi, ikinci yerdə, yaxud lider olmağımız barədə çox danışılır. Bu, diqqətimizi, motivasiyamızı poza bilər. Odur ki, turnir cədvəlinə, xal fərqinə fikir verməməliyik və fikir vermirik də.
- Artıq ardıcıl 4 oyundur start heyətində yer alırsınız. Demək olar ki, yeni komandaya artıq tam uyğunlaşmısınız?
- Uyğunlaşmaq prosesi həqiqətən də çox sürətli keçdi. Bunda baş məşqçimizin mənə olan güvəni böyük rol oynadı. Bilirəm ki, hazırda müəyyən çatışmayan cəhətlərim var. Onları da tezliklə aradan qaldırmalıyam. Xüsusən də fiziki durumumu yaxşılaşdırmalıyam.
İdman.biz