“Qarabağ”ın futbolçuları Kevin Medina və Leandro Andrade Misli Premyer Liqasının XV turunda “Neftçi” ilə matçda baş verən insidentə aydınlıq gətiriblər.
Hər iki oyunçu İdman.biz-ə açıqlamasında “ağ-qaralar”ın azarkeşlərinə nəsə mesaj göndərmədiklərini deyiblər.
Onlar əməkdaşımızda söhbətlərində bildiriblər ki, orada heç kimi təhrik etmək və ya provokasiya çəkmək fikirləri olmayıb: “İstər avrokubok, istərsə də “Neftçi” ilə bundan əvvəlki oyunlarda da belə şəkillərimiz var. Bu bizim ənənəvi çəkdiyimiz fotolardır. Mən, yaxud Andrade qol vuranda belə pozalar veririk. Burada heç bir başqa məna, alt fikir yoxdur. Bunu axtarmaq da lazım deyil. Həmin vaxt həm operator, həm də fotoqrafların çoxu həmin tərəfdə idi. Biz də ora gedərək şəkil çəkdirdik”.
Qeyd edək ki, “Qarabağ”ın 3:0 hesabı ilə qalib gəldiyi matçda Medina və Andradenin hərəkətləri “Neftçi” azarkeşlərinin etirazına səbəb olub. Bu, 27-ci dəqiqədə Leandronun hesabı açmasından sonra baş verib. Andrede komanda yoldaşı Medina ilə birgə “Neftçi” azarkeşlərinin oturduğu qapının arxa tribunası önündə qol sevinclərini qalib ədası formasında şəkil çəkdirməklə ifadə ediblər. Baş hakim Əliyar Ağayev dərhal hər iki oyunçunu cəzalandırıb, onlara sarı vərəqə göstərib.
Banuçiçək Hüseynli
İdman.biz