AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda baş verənlər müzakirə olunub.
“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Bakı klubu 800 manat cərimə edilib.
Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” 500 manat cərimələnib.
“Ağ-qaralar”ın meydançaya gec çıxması səbəbindən matç gec başladığına görə klub 1500 manat ziyana düşüb.
“Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat ödəyəcək.
Qonaqların azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ”a xəbərdarlıq edilib.
İdman.biz