"Bavariya" ingilis hücumçusu Harri Keyni transfer etdikdən sonra kubok qazanmaq üçün altıncı fürsətini əldən verib.
İdman.biz xəbər verir ki, Münhen təmsilçisi Almaniya kubokunun 1/8 finalında evdə “Bayer”ə 0:1 hesabı ilə məğlub olub.
Keynin çıxış etdiyi iki mövsüm ərzində "Bavariya" iki dəfə erkən mərhələdə Almaniya kubokundan kənarlaşdırılıb. 2023-cü ilin yayında Almaniya Superkubokunda məğlub olub, həmçinin 2023/2024 mövsümündə Bundesliqada yalnız üçüncü olaraq növbəti Superkuboka vəsiqə qazana bilməyib. Bundan əlavə, "Bavariya" Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə ümumi hesabda (2:2, 1:2) uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Keyn karyerası ərzində hələlik milli komanda və klublarla bir kubok belə qazanmayıb. O, 2023-cü ilin yayında 95 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Klubla müqaviləsi 2027-ci ilə kimi olan forvard bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.
İdman.biz