“Rusiya millisi çox güclüdür”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.
O, Soçi şəhərində Rusiya yığması ilə keçirilən hər iki yoldaşlıq oyununu şərh edib. 8 ilə yaxındır rus klublarında oynayan Cəfərzadə bildirib ki, rəqibin futbolçularının gücünə əvvəldən də bələddir: “Çox keyfiyyətli futbolçuları var. Onların legionerlərə də heç vaxt ehtiyacları olmayıb. Bu da Rusiyada qadın futbolunun yaxşı inkişaf etməsindən xəbər verir. Rəqibimiz son rəsmi oyununda Portuqaliya millisini də məğlub etmişdi. Bu, bir neçə il əvvəl olsa da, güclərinin göstəricisidir. Ölkə çempionatlarında 13, əvəzedicilərində 20 klub iştirak edir”.
Onun sözlərinə görə, məğlubiyyət oyuna görə olmayıb: “Matça baxan hər kəs bunu görə bilər. Klubdakı yoldaşlarıma qarşı oynayırdım. Onlar belə qeyd etdilər ki, çox gözəl, döyüşkən və mübariz komandanız var. Ruslar qalib gəlsələr də, heç də zəif oynamadıq. Qarşılaşmanın hesabı oyuna görə deyildi. Səhvlərimizdən hər iki matçda minimal hesabla uduzduq. Yoxlama oyunları təbii ki, bizi yalnız yaxşı yerlərə apara bilər. Fərqi yoxdur, burada məğlubiyyət də ola bilər, qalibiyyət də. Əsas odur ki, rəsmi oyunlarda qələbələr qazanaq. Gələn ilin fevralında artıq Millətlər Liqasının oyunları başlayır. İlk görüşdə Monteneqro ilə üz-üzə gələcəyik. Çox güclüdürlər. Amma istədiyimiz oyunu sərgiləsək, yaxşı nəticə əldə edə bilərik. Komandamıza güvənirəm. Çatışmayan cəhətimiz hücumda son nöqtəni qoya bilməməkdir”.
Qeyd edək ki, noyabrın 28-də və dekabrın 2-də keçirilən hər iki görüşdə Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.
Banuçiçək Hüseynli
İdman.biz